Xəbəriniz olmadan adınıza kredit götürülüb: Borcu kim ödəyəcək?

Vətəndaşın xəbəri olmadan onun adına onlayn kredit rəsmiləşdirilməsi son illərdə məhkəmələrdə rast gəlinən mübahisələrdən birinə çevrilib. Rəqəmsal bank xidmətlərinin genişlənməsi kredit almağı asanlaşdırsa da, fərdi məlumatların, SMS təsdiq kodlarının və biometrik məlumatların üçüncü şəxslərin əlinə keçməsi ciddi hüquqi risklər yaradır. Ali Məhkəmənin verdiyi hüquqi izahda da belə hallarda kredit müqaviləsinin avtomatik olaraq etibarsız hesab edilmədiyi, hər iş üzrə həm bankın, həm də vətəndaşın davranışının və təqdim olunan sübutların ayrıca qiymətləndirildiyi vurğulanır.

Vətəndaşın xəbəri olmadan onun adına kredit götürülübsə, həmin borcu ödəmək öhdəliyi kimin üzərinə düşür? Belə hallarda kredit müqaviləsinin etibarsız sayılması üçün hansı hallar və sübutlar əsas götürülür?

Vəkil Bəxtiyar Hacıyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Son dövrlərdə vətəndaşların xəbəri olmadan onların adına onlayn kreditlərin rəsmiləşdirilməsi ilə bağlı müraciətlərə daha çox rast gəlinir. Bank xidmətlərinin rəqəmsallaşması kredit almaq imkanlarını xeyli asanlaşdırıb. Artıq banka getmədən, bir neçə dəqiqə ərzində mobil tətbiq vasitəsilə kredit almaq mümkündür. Lakin bu rahatlıq müəyyən riskləri də özü ilə gətirib. Şəxsiyyət vəsiqəsinin surəti, FIN kod, mobil bankçılıq məlumatları, SMS-lə göndərilən təsdiq kodları və biometrik məlumatlar başqa şəxslərin əlinə keçdikdə, vətəndaş özünün iştirak etmədiyi kredit münasibətinin tərəfi kimi göstərilə bilər. Bəzən şəxs adına kredit götürüldüyünü yalnız bankdan borc barədə bildiriş aldıqda, kredit tarixçəsini yoxladıqda və ya məhkəmədən çağırış gəldikdə öyrənir.

Belə vəziyyətdə ilk yaranan sual budur: vətəndaşın xəbəri və razılığı olmadan götürülmüş krediti kim ödəməlidir? İstənilən müqavilənin yaranması üçün tərəflərin iradəsi olmalıdır. Kredit müqaviləsinin mobil tətbiq, SMS kodu, elektron imza və ya üz tanıma vasitəsilə bağlanması bu qaydanı dəyişmir. Müqavilə hansı formada rəsmiləşdirilirsə-rəsmiləşdirilsin, əsas məsələ şəxsin həqiqətən kredit götürmək istəyinin olub-olmamasıdır. Vətəndaş kredit üçün müraciət etməyibsə, müqaviləni təsdiqləməyibsə və verilmiş puldan istifadə etməyibsə, yalnız onun şəxsi məlumatlarından istifadə olunması həmin şəxsi avtomatik olaraq borcluya çevirməməlidir. Üçüncü şəxsin vətəndaşın adından qanunsuz istifadə etməsi vətəndaşın iradəsini əvəz edə bilməz. Bu cür işlərdə məsələ yalnız kredit müqaviləsinin etibarsız sayılması ilə məhdudlaşmır. Bəzən daha düzgün hüquqi yanaşma həmin müqavilənin ümumiyyətlə vətəndaş tərəfindən bağlanmadığının müəyyən edilməsidir. İddia tələbinin necə formalaşdırılması isə hər işin konkret hallarından asılıdır.

Əgər araşdırma nəticəsində müəyyən olunsa ki, kredit vətəndaşın iştirakı olmadan rəsmiləşdirilib, təsdiqləmə əməliyyatlarını başqa şəxs həyata keçirib və pul da həmin şəxsin sərəncamına keçib, vətəndaşın kredit borcunu ödəməsi üçün hüquqi əsas olmaya bilər. Bu halda məsuliyyət dələduzluğu törətmiş şəxsin üzərinə düşməlidir.

Ancaq kredit vətəndaşın özü tərəfindən təsdiqlənib, pul onun hesabına daxil olub və yalnız bundan sonra üçüncü şəxs tərəfindən mənimsənilibsə, vəziyyət fərqli qiymətləndirilə bilər. Müqavilənin vətəndaşın iradəsi əsasında bağlandığı sübuta yetirilərsə, pulun sonradan dələduzluq yolu ilə ələ keçirilməsi bank qarşısında olan borcu avtomatik aradan qaldırmaya bilər. Bu halda vətəndaş ona vurulmuş zərərin təqsirli şəxsdən tutulmasını tələb etməli olacaq”.

Bəxtiyar Hacıyev qeyd edir ki, mübahisənin həllində vətəndaşın öz davranışı da nəzərə alınır: “Məsələn, şəxs SMS-lə gələn təsdiq kodunu, mobil tətbiqin şifrəsini və ya şəxsiyyət vəsiqəsinin məlumatlarını könüllü şəkildə başqa birinə veribsə, bank bu faktı kreditin müştəri tərəfindən təsdiqlənməsi kimi təqdim edə bilər. Bununla belə, SMS kodunun başqa şəxsə verilməsi hər dəfə kredit almağa razılıq kimi qəbul edilməməlidir. Vətəndaş aldadılaraq həmin kodun başqa əməliyyat üçün lazım olduğuna inandırıla bilər. Buna görə də təsdiq kodunun hansı şəraitdə və hansı məqsədlə verildiyi ayrıca araşdırılmalıdır. Ali Məhkəmənin də yanaşması ondan ibarətdir ki, dələduzluq faktının mövcudluğu kredit müqaviləsini öz-özünə etibarsız etmir. Məhkəmə hər bir işdə bankın hərəkətlərini, vətəndaşın davranışını və təqdim olunmuş sübutları birlikdə qiymətləndirməlidir. Belə işlərdə bank, adətən, elektron kredit müqaviləsini və SMS kodu ilə aparılmış təsdiqləməni sübut kimi təqdim edir. Lakin vətəndaş müqaviləni bağlamadığını bildirirsə, təkcə onun adının göstərildiyi elektron sənəd məsələnin həlli üçün kifayət etməməlidir.

Kredit müraciətinin hansı cihazdan və IP ünvanından göndərildiyi, təsdiq kodunun hansı nömrəyə çatdırıldığı, həmin nömrənin kimə məxsus olduğu, üz tanıma və videoidentifikasiya prosesinin kim tərəfindən keçirildiyi araşdırılmalıdır. Kredit vəsaitinin hansı hesaba köçürülməsi və sonradan kim tərəfindən istifadə olunması da xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda, bankın müştərinin şəxsiyyətini müəyyən etmək üçün tələb olunan təhlükəsizlik tədbirlərinə əməl edib-etmədiyi yoxlanılmalıdır. Bank məsafədən kredit vermək hüququna malik olsa da, bu, onu müştərini düzgün identifikasiya etmək və şübhəli əməliyyatların qarşısını almaq vəzifəsindən azad etmir.

Məsələn, kredit müraciətində göstərilən telefon nömrəsi və bank hesabı müxtəlif şəxslərə məxsusdursa, biometrik görüntü ilə şəxsiyyət vəsiqəsindəki foto arasında uyğunsuzluq varsa və ya kredit pulu birbaşa başqa şəxsin hesabına köçürülübsə, bankın bu hallara nə üçün diqqət yetirmədiyi əsaslandırılmalıdır. Adına qanunsuz kredit rəsmiləşdirildiyini öyrənən şəxs vaxt itirmədən banka yazılı etiraz etməlidir. Şifahi müraciətlə kifayətlənmək düzgün deyil. Etirazın banka təqdim edildiyini təsdiqləyən sənəd mütləq saxlanılmalıdır. Bununla yanaşı, polisə və ya prokurorluğa müraciət edilməli, mobil operatordan telefon nömrəsi və SİM-kartla bağlı məlumatlar alınmalı, bank hesablarından çıxarışlar tələb edilməlidir. Kredit vəsaiti başqa şəxsin hesabına köçürülübsə, bu fakt iş üçün ən mühüm sübutlardan biri ola bilər.

Zərurət yarandıqda elektron imza, səs yazısı, foto, video və biometrik məlumatlarla bağlı ekspertiza keçirilməsi də tələb oluna bilər. Kreditin rəsmiləşdirildiyi vaxt şəxsin başqa yerdə olması, telefonunun itirilməsi, SİM-kartının dəyişdirilməsi və ya mobil nömrəsinin üçüncü şəxsin istifadəsində olması da müvafiq sübutlarla təsdiqlənməlidir. Vətəndaşın krediti öyrəndikdən sonra necə davranması da əhəmiyyətlidir. Şəxs uzun müddət banka etiraz etmirsə, kredit üzrə ödəniş aparırsa və ya borcun restrukturizasiyasına razılıq verirsə, bank sonradan bunu borcun qəbul edilməsi kimi qiymətləndirə bilər. Buna görə də belə fakt aşkar edilən kimi hüquqi addımlar gecikdirilmədən atılmalıdır”.

Müsahibimiz qeyd edir ki, polisə şikayət verilməsi vacib addımdır, lakin təkcə şikayətin mövcudluğu kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir: “Cinayət işi üzrə toplanmış materiallarda krediti kimin rəsmiləşdirdiyi, təsdiq kodlarından kimin istifadə etdiyi və pulun kimə çatdığı müəyyən edilməlidir. Başqa sözlə, “mənim adıma dələduzluqla kredit götürülüb” demək hüquqi mövqenin başlanğıcıdır, özü isə hələ tam sübut deyil. Bu iddia bank sənədləri, texniki məlumatlar, hesab çıxarışları, mobil operator məlumatları və cinayət işi materialları ilə əsaslandırılmalıdır.

Eyni zamanda, dələduzluq faktının mövcudluğu da şəxsi avtomatik şəkildə kredit öhdəliyindən azad etmir. Həm bankın təhlükəsizlik və identifikasiya qaydalarına əməl edib-etmədiyi, həm də vətəndaşın şəxsi məlumatlarını necə qoruduğu araşdırılmalıdır. İşin hallarından asılı olaraq məhkəmədə kredit müqaviləsinin etibarsız sayılması, müqavilənin vətəndaş tərəfindən bağlanmadığının müəyyən edilməsi, borcun mövcud olmadığının tanınması, kredit tarixçəsinə daxil edilmiş məlumatların silinməsi və tutulmuş məbləğlərin geri qaytarılması tələb oluna bilər. Burada ən vacib məsələ iddia tələbini düzgün müəyyənləşdirmək və texniki sübutların bankdan vaxtında tələb olunmasına nail olmaqdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki