Kreditlərlə bağlı təhlükəli vəziyyət yarandı – Ekspert həyəcan təbili ÇALIR

Son dövrlərdə ölkədə problemli kreditlərin artması ilə bağlı müşahidələr diqqət çəkir. Maliyyə sektorundakı bu dəyişikliklər həm banklar, həm də vətəndaşlar tərəfindən yaxından izlənilir.

Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 614,2 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,9 % azdır. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbərən 17,1 %, son 1 ildə isə 22,2 % artıb. Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət martın sonuna 1,9 %, ötən ilin sonuna 1,6 %, ötən il aprelin sonuna isə 1,7 % olub.

İqtisadçı ekspert Natiq Cəfərli Referans Media-ya mövcud vəziyyəti şərh edərək bildirib ki, artım tendensiyası olsa da, bank sektoru hələlik ciddi risk altında deyil.

Onun sözlərinə görə, hazırda problemli kreditlərin ümumi kredit portfelində payı təxminən 2 faiz civarındadır. Bu göstərici bank sistemi üçün kritik hədd sayılmır və sektorun sabitliyini qoruduğunu göstərir.

Ekspert vurğulayıb ki, əsas risk göstəricisi artım tempidir. Əgər problemli kreditlərin payı 3 faizi keçərsə, bu zaman artıq əlavə tədbirlərin və yeni maliyyə qərarlarının gündəmə gəlməsi mümkün ola bilər.

Natiq Cəfərli qeyd edib ki, hazırkı mərhələdə sərt tənzimləyici qərarların qəbul olunması gözlənilmir, lakin vəziyyət yaxından izlənilir. Onun fikrincə, vətəndaşların kredit yükünün artması gələcəkdə daha ciddi problemlərə yol aça bilər.

Ekspert həmçinin bildirib ki, bəzi vətəndaşlar əvvəlki borclarını ödəmək üçün yeni kreditlərə müraciət edir ki, bu da maliyyə risklərini daha da artıran əsas amillərdən biridir.

Ümumilikdə, hazırkı mənzərə bank sektorunda hələlik sabitlik olduğunu göstərsə də, artım tendensiyası diqqətlə izlənilir və gələcək dövr üçün ehtiyatlı yanaşmanın vacibliyi vurğulanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki