Rusiyada ictimai-siyasi xadimlərin, özlərini intellektual elita sayanların dilincə çox işlənən bir ifadə var: “Rusofobiya”.
Onlar oturub-durub bu barədə danışır, postsovet ölkələrində, Rusiyanın köhnə qonşularında rusların sevilmədiyindən, vaxtaşırı olaraq ruslara qarşı neqativ fikirlər səsləndiyindən, kampaniyalar təşkil olunduğundan bəhs edirlər.
Bu barədə danışarkən onlar haqsızdırlarmı? Xeyr. Gerçəkdən də Finlandiyadan tutmuş ta Yaponiyaya qədər Rusiya ilə qonşu olan ölkələrin vətəndaşları rus adı gələndə ən yaxşı halda üzlərini turşudurlar.
Bu sırada əksər Avropa xalqlarının, eləcə də ABŞ, İngiltərə, Kanada, Avstraliya kimi uzaq ölkələrin əhalisi də var.
Bu tendensiya II dünya müharibəsindən sonra yüksələn xətt üzrə gedirdi, amma SSRİ dağılandan sonra xeyli dərəcədə səngimişdi. Son 10 ildə isə rusofobiya daha da yayğınlaşıb və açıq şəkil alıb.
Bunun çox sadə səbəbləri var, fəqət rus cəmiyyətinin avanqard hissəsi o səbəblərə toxunmur, təqsiri hər zaman başqalarında, “məkrli xarici qüvvələr”də axtarırlar.
Rusofobiyanın səbəbi isə gün kimi aydındır. Bu, Rusiya dövlətinin öz ətrafına aqressiv münasibətindən qaynaqlanır. Ruslar başqa dövlətlərə və xalqlara ksenofobik davranışlar sərgiləyir, buna uyğun rəftar görürlər.
Ukrayna xalqı indiki halıyla Rusiyanı necə sevsin? Rusiya onun yüz minlərlə günahsız insanını öldürüb, şəhərlərini darmadağın edib.
Baltikyanı ölkələr 1940-cı ildən 1991-ci ilə qədərdə Moskvanı sevmirdilər, indi də sevmirlər. Səbəb rus işğalıydı. Həmin qorxu hələ də qalır.
18 il öncə bu günlər növbəti dəfə rus qapazı yemiş, Avropa dövlətlərinin prinsipial mövqeyi sayəsində yeni işğaldan qurtulmuş gürcülər Rusiyadan necə məmnun ola bilərlər?
Hazırda xirtdəyini Kremlin caynağından xilas edə bilməyən ermənilər, hər gün Dnestryanı bölgədə, Qaqauziyada “rus barmağı”yla nəsə bir təxribat törənəcəyini gözləyən moldovanlar bu saatdan sonra rusofil ola bilərlərmi? Əsla.
Son iki ildə Rusiya ilə Azərbaycan arasında baş verən gərginlikləri (vurulan təyyarə olayı, Yekaterinburq hadisələri, diaspor fəallarına qarşı repressiyalar və s.) bilirsiniz, uzun yazmağa ehtiyac yoxdur.
Yəni ruslar ətraflarını sarmış rusofobiyanın səbəblərini əsasən Kremlin xarici siyasətində axtarmalıdırlar. Amma bunu etmirlər. Onlar hesab edirlər ki, həmişə olduğu kimi haqlıdırlar, qonşu ölkələr rusların böyüklüyünü, əlahiddəliyini qəbul etməli, sözsüz itaət göstərməlidirlər.
Bu günlərdə Qazaxıstanda bu xüsusda örnək bir hadisə olub. Kseniya Quzayeva ad-soyadlı bloqer qız Astananın mərkəzindəki insanların "viqvamlarda (hindu çadırlarında) yaşamalı və at sürməli" olduğunu deyib, qazaxları rus dilini bilmədikləri üçün "pis" adlandırıb, ölkə paytaxtını “kənd” adlandırıb, Qazaxıstanın şimalına ərazi iddiası irəli sürərək, “Pavlodar bizimdir” deyib.
Buna görə onu Qazxıstandan deportasiya ediblər və ölkəyə girişinə 5 il qadağa qoyublar.
Bloqerin şəklinə baxırsan və inanmırsan ki, bu yaşda, bu görünüşdə olan qız bu qədər qatı şovinist ola bilər. Onun tay-tuşları barlarda əylənərkən, ailə, karyera qurmağa çalışarkən, bu həyatını “rus ideyası”na həsr edib, həm də çox yanlış və qərəzli iddialar irəli sürüb.
Astana Avropa şəhərlərindən geri qalmayan meqapolisdir və qətiyyən kənd deyil. Şəhər əhalisi olduqca modern görünüşlü və davranışlıdır, hindu qəbilələri kimi viqvamlarda, çumlarda, yurtalarda yaşamağa layiq deyillər. Bu əsrlərcə əvvəl olub, indi də ölkənin bir çox yerlərində heyvandarlıqla məşğul olaraq bu kimi müvəqqəti evlərdə yaşayanlar var.
Pavlodarın Kseniya və onun kimi düşünənlərin olmasına gəlincə, “Krım bizimdir” kampaniyası və onun hansı nəticələrə gətirib çıxarması dərs olmadımı? O zaman da əvvəlcə ksyuşalar “Krım naş” deyə qımıldandılar, sonra minlərlə adam ayağa qalxdı, Krım ilhaq olundu, nəticədə Rusiya Ukrayna və bütün Avropa ilə müharibəyə girdi.
Rusiyanın Qazaxıstanın şimalına iddiası yeni söhbət deyil. Vaxtaşırı olaraq hansısa deputat və ya tanınmış birisi bu məsələni yada salır, həmin bölgədə slavyan mənşəli əhalinin çoxluğuna işarə edir, Rusiyanın onları qorumalı olduğundan dəm vurur.
Sanki Qazaxıstanda slavyan mənşəli xalqlara hər hansı bir təhlükə var, Rusiya bütün slavyan mənşəli xalqların (ukraynalılar, beloruslar) yeganə pasibanıdır və onları qorumağa mükəlləfdir.
Bu, sadəcə, Qazaxıstana təzyiq vasitəsidir, onu son illərdə Avropa dövlətləri ilə hərtərəfli yaxınlaşmaqdan çəkindirmək üçündür.
Yoxsa Rusiyaya torpaq lazımdırmı? Zatən, ərazicə dünyanın ən nəhəng dövlətidir. Azərbaycandan böyük onlarla boş əraziləri var, içində bizim Zərdabın əhalisi qədər insan yaşamır.
Yuxarıda sözügedən bloqerin təhqiramiz paylaşımlarını görən, bunların rus dövlətinin siyasətindən, rus cəmiyyətinin düşüncəsindən qaynaqlandığını bilən qazaxlar durub rusofil olacaqlarmı? Olmayacaqlar.
Yüz minlərlə əmək miqrantının əməyinə və xidmətinə ehtiyacı olduqları halda, postsovet ölkələrindən olan qastarbayterlərə orta əsrlər qulları qədər hüquq tanıyan, onları hər fürsətdə incidən, aşağılayan Rusiya məmurları hesab edirlərsə ki, bu yolla sevimli olacaq, uğur qazanacaqlar, yanılırlar.
Müasir xalqlar heç bir dövlətin müstəmləkəsi, vassalı olmaq, istismar olunmaq, başıqapazlı duruma düşmək istəmirlər. Kim onlara qarşı bu niyyətdə olursa, avtomatik olaraq özünə qarşı total fobiya qazanır.
