Şirvan şəhərində çay evində dava olub.
Referans Media-ın əldə etdiyi məlumata görə, hadisə “Xəmsə” çay evində baş verib. 2007-ci il təvəllüdlü Nicat çay evində Adəm adlı şəxslə mübahisə edib.
Bu zaman çay evində xidmətçi olan Nicat Adəmin müştəri kimi çayın qiymətinin onun dediyindən ucuz olduğunu bildirməsini özünə hörmətsizlik kimi qiymətləndirib və Adəmin ünvanına ucadan nalayiq ifadələr işlədib. Nicat Adəmin sifət nahiyəsinə başı ilə bir dəfə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Nicatın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.
İş üzrə izahat verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, tanışı Namiq adlı şəxs ona bir günlük “Xəmsə” çay evində xidmətçi işləməyi xahiş edib:
“Namiqin 15 manat pul verəcəyi qarşılığında onunla razılaşdım. Həmin gün təxminən saat 14 radələrində əvvəldən üzdən tanıdığım Adəm adlı şəxs və onun yanında dostu bildiyim şəxs çay evinə gəldilər. Otağa keçərək məni çağırdılar, çay istədilər. Həmin şəxslər çayın qiymətini soruşdular. Mən çayın 2 manat olduğunu dedim. Adəm isə həmişə həmin kafedə 1 manata çay içdiyini söyləyərək narazılıq etdi. Adəm mənə qarşı atmacalı sözlər atdı. Bildirdi ki, “sən ofisiantsan, get bizə 1 manata çay gətir”. Mən bu sözlərdən əsəbiləşdim”.
Nicat qeyd edib ki, daha sonra Adəm ona orada, otaqda söyüş söyüb:
“Mən də Adəmi söydüm. Bundan sonra Adəm boğazımdan tutaraq divara sıxdı. Mən də məcbur qalaraq elə orada Adəmin sifətindən başımla 1 dəfə vurdum. Həmin vaxt Adəmin burnundan qan axmağa başladı. Adəm dostu ilə birlikdə otaqdan çıxdılar. Az sonra polislər ora gəldi və məni Şirvan Şəhər Polis Şöbəsinə apardılar”.
Zərərçəkmiş Adəmin sözlərinə görə, məlum hadisə günü, təxminən saat 14 radələrində dostu Samrat ilə birlikdə “Patron”, lakin əsl adı “Xəmsə” olan çay evinə gediblər:
“Çay evinə daxil olduqdan sonra otağa keçdik. Sonra orada xidmətçi işləyən Nicat adlı şəxs bizə yaxınlaşdı. Mən Nicata çay sifariş verdim. Nicat çayın 2 manat olduğunu dedikdə, həmişə 1 manata çay içdiyimizi dedim. Bunu dedikdə Nicat yaxınlaşaraq ucadan nalayiq söyüşlərlə məni söydü, mənimlə əlbəyaxa oldu. Biz süpürləşdik. O, mənə təpiklər atdı, lakin dəymədi. Həmin vaxt ətrafda olan şəxslərin gözü qarşısında başı ilə sifət nahiyəmə, yəni burnuma bir dəfə vurdu. Zərbənin təsirindən burnumdan qan axmağa başladı. Samrat da bu hadisələrin şahidi oldu. Mən atama zəng etdim. Atam da elə oralıqda idi. Gələrək məni həmin vəziyyətdə gördü və burnuma dəsmal qoyaraq birlikdə birbaşa Şirvan Şəhər Polis Şöbəsinə gəldik. Hadisə ilə bağlı müraciət etdik”.
Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Nicat 2 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməsi, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməsi qadağan edilib.
Bundan başqa, ona elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb./Demokrat.az/
