Mağazalarda yağların qiyməti niyə fərqlənir?

Azərbaycanda kərə və duru yağların qiymətində artım müşahidə olunur. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss edilir. Aparılan qiymət monitorinqinə əsasən, bəzi yağ məhsullarının qiyməti qısa müddətdə altı manatdan çox artıb. Bahalaşma avqustun 24-dən oktyabrın 1-dək olan dövrdə qeydə alınıb.

Bəs yağların eyni vaxtda bahalaşmasına hansı amillər təsir edir? Qiymət artımı dünya bazarındakı dəyişikliklərlə, yoxsa yerli istehsal və satış xərcləri ilə bağlıdır?

Referans Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Həm xarici, həm də daxili amillər

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, Azərbaycanda kərə və duru yağların qiymətinin eyni vaxtda artmasına bir neçə amil təsir edir.

 

"Bu məhsulların istehsal zəncirləri fərqli olsa da, idxal, daşınma və qablaşdırma xərcləri, enerji qiymətləri, ticarət əlavələri və daxili bazarda rəqabətin səviyyəsi hər iki məhsul qrupunun qiymətinə təsir göstərir.


Kərə yağının qiyməti süd istehsalının maya dəyərindən, heyvan yemlərinin qiymətindən, beynəlxalq tələb və təklifdən, eləcə də ixracatçı ölkələrdə istehsalın həcmindən asılıdır. Bitki yağlarının qiymətinə isə günəbaxan, palma, soya və digər yağlı bitkilərin dünya bazarındakı qiymətləri, emal xərcləri və ixrac məhdudiyyətləri təsir edir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2026-cı ilin sentyabrında bitki yağlarının beynəlxalq qiymət indeksi əvvəlki ayla müqayisədə 0.9 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 18.3 faiz artıb. Bu artım əsasən palma yağının bahalaşması ilə əlaqələndirilir.

Bununla belə, həmin ay günəbaxan yağının dünya bazarındakı qiyməti azalıb, süd məhsullarının qiymət indeksi isə sabit qalıb. Bu göstəricilər Azərbaycanda bütün yağların eyni vaxtda bahalaşmasını yalnız dünya bazarındakı dəyişikliklərlə izah etməyin mümkün olmadığını göstərir", - deyə A.Nəsirli bildirib.

İqtisadçı qeyd edib ki, daxili bazarda kərə yağı istehsalının azalması da qiymətlərə təsir göstərə bilər.

"2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 045 ton kərə yağı istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9.5 faiz azdır. Eyni zamanda, kərə yağı idxalının 21 faiz artdığı bildirilir.
 

İdxalın artması daxili təklifin müəyyən hissəsini kompensasiya etsə də, qiymətlərin azalmasına zəmanət vermir. Məhsulun alış qiyməti, daşınma, sığorta, anbar və pərakəndə satış xərcləri də son qiymətə təsir edir.


Yerli istehsal olan yağların qiyməti də xammal, qablaşdırma, enerji və logistika xərclərindən asılıdır. İstehsalda idxal olunan materiallardan istifadə edilməsi xarici bazarlardakı qiymət dəyişikliklərinin yerli məhsullara da təsir göstərməsinə səbəb ola bilər. Bundan başqa, satış şəbəkələrinin qiymət siyasəti və bazardakı rəqabət səviyyəsi də mühüm rol oynayır", - deyə o əlavə edib.

Qiymət artımını yalnız xərclərlə əsaslandırmaq olmaz

İqtisadçının fikrincə, bəzi məhsulların qiymətinin qısa müddətdə bir neçə manat artmasını yalnız istehsal xərclərinin yüksəlməsi ilə əsaslandırmaq olmaz. Eyni məhsulun topdansatış qiyməti dəyişmədiyi halda pərakəndə satış qiyməti kəskin artırsa, fərqin hansı mərhələdə yarandığı araşdırılmalıdır.

"İdxalçıların, distribüterlərin və mağazaların alış-satış qiymətlərinin müqayisəsi bahalaşmanın səbəblərini daha dəqiq müəyyənləşdirməyə imkan verə bilər.

Yaxın aylarda yağların qiymətində kəskin ucuzlaşma gözlənilmir. Dünya bazarında bitki yağlarının bahalaşması və Azərbaycanda kərə yağı istehsalının azalması qiymətlərə təzyiq göstərəcək. Bununla belə, beynəlxalq bazarda qiymətlər sabitləşərsə, bəzi yağ növlərində ucuzlaşma mümkündür. Daxili qiymətlərin dəyişməsi rəqabətdən və ticarət şəbəkələrinin qiymət siyasətindən də asılı olacaq", - deyə A.Nəsirli bildirib.

İdxal ucuzlaşmaya zəmanət vermir

İqtisadçı-ekspert Xalid Kərimli isə kərə və duru yağların qiymətinə məhsulların idxal qiymətinin, daşınma, saxlanma, qablaşdırma və pərakəndə satış xərclərinin təsir etdiyini bildirib.
 

"Kərə yağının idxal qiymətinin aşağı düşməsi mağazalardakı satış qiymətinin də azalacağı demək deyil. Çünki məhsul ölkəyə gətirildikdən sonra onun saxlanması, anbarlardan satış məntəqələrinə daşınması və digər əməliyyatlar əlavə xərc yaradır. Nəticədə idxal qiymətindəki azalma pərakəndə satış qiymətində eyni səviyyədə əks olunmaya bilər.


Kərə yağı idxalının fiziki həcminin və yerli istehsalın azalması da bazardakı təklifə təsir göstərən amillərdəndir. Bazara daxil olan məhsulun və yerli istehsalın azalması mövcud tələbatın ödənilməsini çətinləşdirir. Belə şəraitdə idxal qiymətləri aşağı düşsə belə, bu, mağazalarda kərə yağının ucuzlaşmasına zəmanət vermir. Qiymətlərin dəyişməsi həm də məhsulun bazara hansı həcmdə çıxarılmasından, mövcud ehtiyatlardan və satış zəncirində yaranan xərclərdən asılıdır", - deyə X.Kərimli qeyd edib.

Ekspertin sözlərinə görə, duru yağların qiymətinə təsir edən amilləri onların istehsalında istifadə olunan xammalın dəyəri, idxal və emal xərcləri, eləcə də daşınma və qablaşdırma məsrəfləri baxımından qiymətləndirmək lazımdır.
 

"Müxtəlif yağ növlərinin istehsal və təchizat zəncirləri fərqli olduğundan onların qiymətləri də eyni səbəblərdən və eyni həcmdə dəyişməyə bilər. Buna görə də kərə, günəbaxan, qarğıdalı və zeytun yağlarının qiymət artımını vahid səbəblə izah etmək düzgün olmaz.


Qiymət artımının hansı mərhələdə yarandığını müəyyənləşdirmək üçün məhsulların idxal, topdansatış və pərakəndə satış qiymətlərini müqayisə etmək vacibdir. Əgər məhsulun idxal və ya topdansatış qiymətində ciddi dəyişiklik olmadığı halda mağazadakı qiyməti kəskin yüksəlirsə, bu fərqin səbəbləri ayrıca araşdırılmalıdır", - deyə X.Kərimli vurğulayıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki