Masazır və Xırdalanda NƏQLİYYAT BÖHRANI davam edir: “Avtobusa əzabla minir, əzabla düşürük”

Masazır və Xırdalan sakinləri ictimai nəqliyyatla bağlı ciddi problemlərlə üzləşirlər. Xüsusilə səhər saatlarında şəhər istiqamətində hərəkət edən avtobuslarda yaranan sıxlıq və marşrutların sərnişin tələbatını ödəməməsi vətəndaşların narazılığına səbəb olur. Sakinlər hesab edirlər ki, Masazır və Xırdalan ərazisində metro stansiyasının tikintisi artıq zərurətə çevrilib.

Referans Media xəbər verir ki, NOCOMMENT.az daxil olan şikayətlər əsasında xəbər verir ki, vətəndaşların sözlərinə görə, Bakı Metropoliteninin bəzi stansiyalarının təmirə bağlanmasından sonra sərnişinlərin bir hissəsi Avtovağzal stansiyasından istifadə etməyə üstünlük verir. Lakin Masazır və Xırdalanda yaşayan insanlar üçün əsas problem metroya çatana qədər yaşanan nəqliyyat sıxlığıdır.

Masazırda yaşayan bir vətəndaşın şikayətinə görə, o, hər səhər 525 nömrəli avtobusla Şamaxinka istiqamətinə gəlmək üçün ciddi çətinliklərlə üzləşir. Sərnişin İmperial restoranının qarşısında avtobusdan düşdüyünü, lakin yolboyu yaranan sıxlığın gündəlik gediş-gəlişi əzablı etdiyini bildirir.


Şikayətçi qeyd edir ki, Qurtuluş və Zəngilan yaşayış massivlərindən gələn 525A və 525B nömrəli marşrut avtobusları o qədər dolu olur ki, qapıların açılıb-bağlanması belə çətinləşir. Nəticədə sərnişinlər avtobusa minərkən və düşərkən ciddi problemlər yaşayırlar.

Vətəndaşların fikrincə, Masazır və Xırdalanın Bakı istiqamətində giriş hissəsində metro stansiyasının inşası nəqliyyat probleminin həllinə əhəmiyyətli töhfə verə bilər. Onlar hesab edir ki, Xocasən metro stansiyasının istifadəyə verilməsi əvəzinə, Masazır və Xırdalan kimi əhalisi sıx olan ərazilərin metro şəbəkəsinə qoşulmasına daha çox diqqət yetirilməli idi.

Şikayətçilər, həmçinin Masazırda metro stansiyası tikilənədək əhalinin nəqliyyat ehtiyaclarını qarşılamaq üçün təxirəsalınmaz tədbirlərin görülməsini istəyir. Onların fikrincə, ilk növbədə, Masazırdan Bakıya hərəkət edən avtobusların sayı artırılmalı, sərnişinlərə alternativ marşrutlar təqdim edilməlidir.

Vətəndaşlar metro stansiyasının girişinin ərazinin giriş hissəsində, Heydər Əliyevin plakatının yerləşdiyi ərazi yaxınlığında nəzərdə tutulmasını, gələcəkdə isə metro xəttinin Masazırın daha dərin hissələrinə doğru genişləndirilməsini təklif edir.

Sakinlər hesab edirlər ki, Masazır və Xırdalanın artan əhalisi nəzərə alınaraq, ərazinin nəqliyyat infrastrukturu yenidən qiymətləndirilməli, insanların hər gün üzləşdiyi sıxlıq probleminin aradan qaldırılması üçün konkret addımlar atılmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki