İrəvanın növbəti addımı nə olacaq? – Sülh sazişi ilə bağlı diqqətçəkən məqam

Ermənistan rəhbərliyinin sülh müqaviləsinin imzalanma vaxtı ilə bağlı ziddiyyətli açıqlamaları regionda sülh prosesinin perspektivlərini yenidən gündəmə gətirib.

Rəsmi İrəvanın fərqli tarixlər səsləndirməsi siyasi mövqeyin dəyişməsi, yoxsa vaxt uzatmaq cəhdi kimi qiymətləndirilə bilər? Ermənistanın bu ziddiyyətli açıqlamaları sülh prosesinə necə təsir edə bilər və rəsmi İrəvanın real niyyətini hansı addımlar müəyyən edəcək?

Referans Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, sülh müqaviləsi təqvim yarışı deyil, hər dəfə yeni tarix elan olunsun:

“Sülh siyasi iradə, məsuliyyət və konkret qərarlar tələb edir. Ermənistan rəhbərliyinin müqavilənin imzalanma vaxtı ilə bağlı fərqli açıqlamaları isə haqlı sual doğurur: İrəvan sülhə gedən yolu müəyyənləşdirir, yoxsa bu yolun nə qədər uzana biləcəyini hesablayır? Məsələnin maraqlı tərəfi odur ki, Ermənistan rəhbərliyi sülhün vacibliyindən danışır, lakin onun nə zaman və hansı şərtlərlə rəsmiləşəcəyinə dair mesajlarda vahid mövqe görünmür. Əlbəttə, diplomatiyada tarixlərin dəyişməsi qeyri-adi hadisə deyil. Lakin siyasi bəyanatlarla praktiki addımlar arasında məsafə böyüdükcə qarşı tərəfin niyyətinə dair suallar da artır”.

Deputat bildirib ki, burada iki ehtimalı nəzərdən keçirmək olar:

“Birincisi, Ermənistan rəhbərliyi daxili siyasi prosesləri, ictimai rəyi və konstitusiya məsələlərini nəzərə alaraq ehtiyatlı davranır. İkincisi, müxtəlif tarixlərin səsləndirilməsi danışıqlarda əlavə manevr imkanları qazanmaq və qərarların qəbulunu uzatmaq məqsədi daşıya bilər. Hansı ehtimalın daha əsaslı olduğunu isə bəyanatlar deyil, atılacaq addımlar göstərəcək”.

vuqar iskenderov yeni

Vüqar İskəndərov

V.İskəndərovun sözlərinə görə, Azərbaycan üçün əsas məsələ müqavilənin hansı ayda imzalanması deyil, sənədin davamlı sülhə xidmət etməsidir:

“Bakı dəfələrlə öz mövqeyini ortaya qoyub. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı narahatlıqların aradan qaldırılması və hüquqi təminatların yaradılması bu baxımdan mühüm əhəmiyyət daşıyır. İrəvan isə konstitusiya məsələsinə fərqli hüquqi yanaşma nümayiş etdirir. Deməli, tərəflər arasında həllini gözləyən məsələ yalnız tarix deyil, həm də hüquqi etimaddır”.

Millət vəkilinin fikrincə, digər tərəfdən, region artıq əvvəlki kimi deyil:

“Yeni nəqliyyat bağlantıları, iqtisadi əməkdaşlıq perspektivləri və kommunikasiya layihələri sülhün praktik əhəmiyyətini artırır. Ermənistanın qarşısında da mühüm seçim dayanır: bu imkanlardan istifadə edərək regional əməkdaşlığın iştirakçısına çevrilmək, yaxud siyasi qeyri-müəyyənliyin yaratdığı məhdudiyyətlərlə üzləşmək”.

Deputat hesab edir ki, sülh prosesində ən təhlükəli məqam tarixlərin dəyişməsi yox, sözlə əməl arasında etimad boşluğunun yaranmasıdır:

“Bu boşluğu aradan qaldırmağın yolu isə kifayət qədər aydındır: ardıcıl siyasi mövqe, hüquqi məsələlərdə konkret qərarlar və razılaşmaların praktik icrası. Sülhün təqvimdə tarixi ola bilər, amma onun siyasi iradəsi təqvimdən asılı olmamalıdır. Ermənistan rəhbərliyinin real niyyətini də növbəti açıqlamanın tarixi deyil, növbəti konkret addımın məzmunu müəyyən edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki