Tibb və elmi araşdırmalar sahəsində bu həftə ard-arda açıqlanan və milyonlarla insanın sağlamlığına birbaşa təsir edən 5 kritik kəşf dünya mətbuatında geniş rezonans doğurub.
Referans Media xəbər verir ki, beynəlxalq elmi jurnallarda dərc olunan və milyondan çox insanın göstəricilərini əhatə edən ən son araşdırmalar insan həyatını xilas edə biləcək vacib həqiqətləri üzə çıxarıb.
Birincisi, "JAMA Network Open" jurnalında aparılan genişmiqyaslı araşdırma diqqət əskikliyi və hiperaktivlik pozuntusunun (ADHD) erkən ölüm riskini 71 faiz artırdığını göstərib. Lakin həkim nəzarəti altında mütəmadi dərman müalicəsi alan şəxslərdə bu riskin dərhal 25 faiz azaldığı sübut olunub. İkincisi, "Walter and Eliza Hall" İnstitutunun alimləri kiçik hüceyrəli ağciyər xərçənginə qarşı immunitet sisteminin gizli silahını tapıblar və mövcud preparatların bu müdafiəni daha da gücləndirdiyini açıqlayıblar.
Üçüncüsü, həftənin digər mühüm araşdırması göstərir ki, hazır qəlyanaltılar və fast-food kimi ultra-emal olunmuş qidaların çoxluq təşkil etdiyi pəhriz yaşlı şəxslərdə beyin qan dövranının pozulması və insult riskini kəskin artırır.
Dördüncüsü, gün ərzində tez-tez yuxuya getmək vərdişinin demensiya və Altsheymer riskini 48 faizə qədər yüksəltdiyi rəsmən təsdiqlənib.
Nəhayət, beşinci kəşfə əsasən, ADHD preparatlarının menopoz dövründə qadınlarda yaranan "beyin dumanı" və yaddaş zəifliyini bərpa etməkdə misilsiz effekt verdiyi bəlli olub./Musavat.com/
