Əməkdar artist Mehriban Xanlarova noyabrın 23-də Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərova ərizə ilə müraciət edərək teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin haqsızlıqlarına və buna Mədəniyyət Nazirliyinin göz yummasına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini istəyib. O, noyabrın 27-də növbəti tamaşada səhnəyə çıxıb və bu onun Azdramada son oyunu olub. Çünki ertəsi gün işdən azad edilib. İndi Mehriban Xanlarova deyir ki, ərizəsində işləyə bilməməsinin səbəbini göstərib, amma İlham Əsgərov heç bir araşdırma aparmadan, məsələyə aydınlıq gətirmədən işdən azadetmə haqqında əmr verib. Bu nə dərəcədə məqsədəuyğun, qanuna müvafiqdir?
Mehriban Xanlarova vəzifəli şəxslərin ona və digər şikayətçilərə Mehriban Ələkbərzadə ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdikdən sonra yenidən uzadılmayacağı vədini verdiklərini söyləyir. Vaxt yetişsə də həmin vəzifəli şəxslər vədlərinə xilaf çıxıblar. Mehriban Ələkbərzadə onun arxasında dayanan yüksək vəzifəli rəfiqəsinin dəstəyi ilə, nazir Adil Kərimlinin bütün özbaşınalıqlara göz yumması nəticəsində daha 6 ay vəzifəsində saxlanılıb. Bu rəfiqə isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevadır. Əməkdar artist Mehriban Xanlarovanın dediyinə görə teatrın direktoru da, mədəniyyət naziri Adil Kərimli də mərhum jurnalist, pedaqoq Şirməmməd Hüseynovun qızı Fərəh Əliyevanın Mehriban Ələkbərzadəni himayə etməsini bilərək ona söz deməkdən çəkinirlər. Fərəh xanım qohumlarını, rəfiqələrini incəsənət sahəsində mühüm vəzifələrə yerləşdirərək bu sahəni onlar vasitəsilə nəzarətdə saxlayır. Ona görə də Mehriban Ələkbərzadə kimilərinin kaprizlərinə ondan üstün mövqedəkilər heç nə deyə bilmirlər. Çünki elə onlar üçün də Fərəh Əliyevanın sözü qanunun fövqündə durur. Belə olmasaydı, Mehriban Ələkbərzadənin kollektivi alçaltmasına, şəhid qızına və onun ailəsinə söyüşlər yağdırmasına, 20 Yanvar şəhidlərinin xatirəsini “dəbdən düşmüş” adlandırmasına, erməni heykəlini səhnədə təbliğ etməsinə, həmçinin İkinci Qarabağ müharibəsindən 5 il keçməsinə baxmayaraq teatrda 44 günlük Vətən Müharibəsinə həsr olunmuş bircə saatlıq belə sənət əsəri yaratmamasına biganə qalmazdılar.
