Son dövrlərdə Böyük Britaniyada meningokok infeksiyası ilə bağlı yoluxma hallarının artdığı müşahidə olunur. Bu xəstəlik həmin ölkədə vaxtaşırı qeydə alınsa da, hazırkı dinamika diqqət çəkir.
Meningokok infeksiyası əsasən hava-damcı yolu ilə yayılır – yəni öskürək, asqırıq və yaxın təmas nəticəsində insandan insana keçir. Xüsusilə uşaqlar, yeniyetmələr və immun sistemi zəif olan şəxslər risk qrupuna daxildir.
Xəstəlik adətən yüksək hərarət və güclü baş ağrısı ilə başlayır. Daha sonra boyun sərtliyi yaranır, xəstə başını rahat hərəkət etdirə bilmir. İşığa qarşı həssaslıq artır, vəziyyət ağırlaşdıqca şüur bulanıqlığı və hətta qıcolmalar müşahidə oluna bilər.
Referans Media-ya açıqlama verən professor Adil Qeybulla bildirib ki, meningokok infeksiyası barədə ictimaiyyətin düzgün məlumatlandırılması vacibdir. Onun sözlərinə görə, bu infeksiya beyin iltihabı prosesi ilə xarakterizə olunur və həm virus, həm də bakterial mənşəli ola bilər.
Ekspert qeyd edib ki, bu xəstəliklər arasında ən təhlükəlisi bakterial meningitdir və o, Neisseria meningitis adlı bakteriya tərəfindən törədilir. “Gedişi çox ağırdır, ölümlə nəticələnə bilər və xüsusilə uşaqlar bu baxımdan daha yüksək risk altındadır”, – deyə professor vurğulayıb.
Adil Qeybulla bildirib ki, Dünya Səhiyyə Təşkilatı meningit infeksiyasına qarşı vaksinasiyanı vacib hesab edir. Milli peyvənd təqvimlərinə uyğun olaraq bu vaksin tətbiq olunmalı, iki doza şəklində vurulmalı və nəticədə insanlarda immunitet formalaşmalıdır.
Onun sözlərinə görə, vaksinasiya xəstəlikdən qorunmada əsas vasitədir: “Hətta yoluxma baş versə belə, vaksin olunmuş şəxslər xəstəliyi daha yüngül keçirirlər. Əks halda isə çox ağır nəticələr yarana bilər”.
Professor əlavə edib ki, meningitin əsas simptomlarına yüksək hərarət, güclü baş ağrısı, ürəkbulanma, qusma, işığa baxa bilməmək, bədəndə səpkilər, yuxusuzluq, huşun itməsi daxildir. Xəstəlik ağır hallarda komaya qədər irəliləyə bilər və bu proses orqanizm üçün ciddi fəsadlar yaradır.
Ekspertin fikrincə, son illərdə bəzi ölkələrdə bu infeksiyanın artmasının səbəblərindən biri miqrasiya prosesləri və peyvəndlənmə səviyyəsinin yetərli olmamasıdır. O qeyd edib ki, cəmiyyətdə vaksin əleyhinə təbliğatın geniş yayılması da vəziyyəti çətinləşdirir.
“COVID-19 pandemiyası dövründə vaksin əleyhinə fikirlər daha da gücləndi və bu gün də davam edir. Nəticədə bəzi valideynlər uşaqlarını peyvənd etdirməkdən yayınırlar. Bu isə vaksinsiz uşaqların sayını artırır və onların həm özləri, həm də ətrafdakılar üçün risk yaratmasına səbəb olur”, – deyə o bildirib.
Adil Qeybulla hesab edir ki, milli peyvənd proqramları çərçivəsində nəzərdə tutulan bütün vaksinlər icbari olmalı və bu proses ciddi nəzarətdə saxlanılmalıdır. Onun sözlərinə görə, hər bir uşaq üçün vaksin qeydiyyatı aparılmalı, bütün peyvəndlər sənədləşdirilməlidir.
Ekspert sonda qeyd edib ki, Azərbaycanda da meningokok infeksiyasının yayılma riski mövcuddur. “Çünki müəyyən dövrlərdə bəzi valideynlər uşaqları bu vaksindən uzaq saxlayıblar və nəticədə vaksin olunmamış uşaqlar qalır. Bu isə potensial risk yaradır”, – deyə o əlavə edib.
Gülnaz Abdullazadə.
