Bakının məşhur özəl klinikalarından olan “Bona Dea” klinikasının tibb təhsili və sertifikasiya şəhadətnaməsi olmayan şəxsləri çalışdırdığı məlum olub.
Referans Media xəbər verir ki, “Bona Dea” klinikası işə başlayanda bu tibb müəssisəsi haqqında çox təriflər yayılmışdı. Lakin sonradan onların fəaliyyətində qanun pozuntularının aşkar edilməsi, şikayətlər vəziyyətin heç də deyilən kimi olmadığını göstərdi.
İndi isə bu klinikada tibb təhsili və sertifikasiyası olmayan şəxslərin işlədiyi məlum olub. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələbi pozulduğuna görə “Bona Dea” və həmin əməkdaşlar barədə müvafiq protokol tərtib olunub. Tələbi pozulan maddəyə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Qeyd edim ki, bu “Bona Dea”nın ilk qanun pozuntusu deyil. Ötən illərdə də bu klinikanın fəaliyyətində nöqsanlar olub. Beləki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə cərimə protokolu tərtib edilib.
Həmçinin, Mərkəzi Bank və Dövlət Gömrük Komitısi tərəfindən də “Bona Dea”nın xarici iqtisadi fəaliyyətindəki pozuntularla bağlı cərimə protokolu tərtib olunub. “Bona Dea” rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinib. Bu tibb müəssisəsindən avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin qarşılığında hər hansı xidmət almayıb. Ölkədən çıxarılan valyuta isə geri qaytarılmayıb. Buna görə klinikaya iki epizod üzrə protokol tərtib olunub. Protokollarda ölkədən çıxarılan valyutanın məbləği 64 min dollara (109 min manat) yaxındır.
Xatırladıram ki, göstərilən faktlar rəsmi adı “Liv Bona Dea Hospital” olan bu tibb müəssisəsinin fəaliyyətində müxtəlif illərdə aşkar edilib. Hər bir faktla bağlı məhkəmə prosesi keçirilib. Yəqin ki, mücafiq məhkəmə qətnamələri də var. Bu baş verənlərə Səhiyyə Nazirliyinin, TƏBİB-in ciddi münasibət göstərməməsi qəribədir. Elə son faktı götürək. Hər hansı səhiyyə müəssisəsində tibb təhsili və ya sertifikasiyası olmayan adamlar necə işləyə bilərlər? Adını çəkdiyim iki dövlət təşkilatı görəsən bu sahəyə necə nəzarət edirlər? Axı bu onların birbaşa öhdəliyidir və birbaşa məsuliyyət daşıyırlar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru cənab Vüqar Qurbanov son çıxışlarının birində tibb bacılarının evlərdə xidmət göstərməsinin insanların sağlamlığı üçün təhlükəli olduğunu bildirmişdi. Amma tibb müəssisələrində tibb təhsili olmayanların işləməsindən heç nə demir. TƏBİB və Səhiyyə Nazirliyinin strukturunda müxtəlif bölmələr, həmçinin də daxili nəzarətə cavabdeh olanlar var. Belə olan halda əgər bu cür qanun pozuntuları baş verirsə, onda bu iki dövlət orqanı nəyə lazımdır? Bəlkə onlar məsuliyyətdən, dövlət büdcəsi də xərcdən azad olunsun…
Sima Babayeva























