Alyans Ankaradan Baltikyanı bölgədə vaxtından əvvəl hava patrul xidməti həyata keçirmək üçün F-16 qırıcılarını yerləşdirməyi istəyib.
Referans Media xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, NATO Türkiyədən planlaşdırılmış rotasiyadan bir neçə ay əvvəl – 2026-cı il ərzində Baltik Hava Polisi missiyasına qoşulmağı tələb edir. Təklif olunan plana əsasən, avqust–dekabr aylarında Estoniyada dörd aylıq hərbi hava rotasiyası nəzərdə tutulur.
Mənbələr bildirir ki, bu addım Rusiyanın NATO hava məkanına yaxın təxribat xarakterli uçuşlarından sonra alyansın müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır. Son aylarda regionda gərginliyin artması bu qərarı daha da aktuallaşdırıb.
Qeyd edək ki, Türkiyə artıq 2026-cı ilin dekabrından 2027-ci ilin martına qədər Rumıniyada döyüş təyyarələri yerləşdirməyi planlaşdırırdı. Lakin NATO-nun Baltikyanı bölgə ilə bağlı təcili tələbi Ankaranın hərbi planlarını yenidən nəzərdən keçirməsinə səbəb olub.
Hazırda Türkiyə rəhbərliyi bu çağırışa necə və nə zaman cavab veriləcəyi ilə bağlı yekun qərar qəbul etməyib. Məlumdur ki, Türkiyə qırıcıları Baltik missiyasında sonuncu dəfə 2025-ci ilin əvvəlində iştirak edib.
Ekspertlər hesab edirlər ki, bu addım atılarsa, NATO–Rusiya qarşıdurması yeni və daha təhlükəli mərhələyə keçə bilər./sfera























