Rusiyanın Samara vilayətinin sənaye müəssisələrindən birində pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumundan sonra yanğınlar qeydə alınıb.
Referans Media “Report”a istinadən bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorişev məlumat verib.
Bundan başqa, “Ozon” logistika kompleksinə də zərbə endirilib.
“Ozon”un mətbuat xidmətindən bildirilib ki, PUA hücumu nəticəsində Samara vilayətinin Çapayevsk şəhərindəki anbarda yanğın başlayıb. 500-dən çox əməkdaş təxliyə edilib, bir neçə nəfər xəsarət alıb. Anbarın fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.
X X X
Avqustun 22-nə keçən gecə pilotsuz uçuş aparatları (PUA) ilk dəfə olaraq Rusiyanın Samara vilayətində “OZON” şirkətinin (Rusiyanın ilk e-ticarət şirkətlərindən biri – red.) logistika obyektinə hücum edib.
Referans Media “Report”a istinadən xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.
Əvvəllər “Wildberries” anbarlarına da zərbələr endirilmişdi.
Məlumata görə, saat 02:47 radələrində Samara vilayətində “PUA təhlükəsi” rejimi elan edilib. Artıq 04:30-dan sonra sosial şəbəkələrdə yanğın və tüstü sütununun əks olunduğu videolar kütləvi şəkildə yayılıb, bəzi kanallar isə zərbəyə məhz Çapayevskdəki “OZON” logistika qovşağının məruz qaldığını dəqiqləşdirib. Hücumdan sonra obyektdə yanğın baş verib, lakin yerli hakimiyyət orqanları və şirkətin özü insidentlə bağlı hələlik heç bir şərh verməyib.
Avqustun ortalarında Ukrayna Müdafiə Nazirliyi həmin vaxta qədər “Wildberries”in 10 ən böyük logistika qovşağından 7-sini sıradan çıxarıldığını açıqlamışdı.
