Pakistan və Əfqanıstan arasında artan hərbi qarşıdurmanın qlobal bazarlara mümkün təsiri müzakirə olunur. Müharibənin davam edəcəyi təqdirdə neftin qiymətinin 100 dolları keçə biləcəyi, qızıl və gümüşün isə daha da bahalaşacağı ilə bağlı iddialar səsləndirilir. Mövcud vəziyyətin enerji və maliyyə bazarlarına real təsir imkanlarını isə iqtisadçılar fərqli qiymətləndirirlər.
Referans Media-ya danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, Pakistan – Əfqanıstan müharibəsinin neftin qiymətinə kəskin təsir edəcəyini düşünmür. Onun sözlərinə görə, neft bazarında artım meyilləri müşahidə oluna bilər, çünki geosiyasi faktorlar hər zaman təsiredici amildir. Lakin son illərin təcrübəsi göstərir ki, bu cür regional münaqişələr hər zaman bazarda həlledici faktor olmur.
Ekspert qeyd edib ki, Əfqanıstan və Pakistan neft hasilatçısı ölkələr deyil və qlobal neft bazarının dəyər zəncirində birbaşa iştirak etmirlər. Bu baxımdan münaqişənin neft tədarükündə ciddi fasilələr yaratmaq ehtimalı aşağıdır və qiymət artımına güclü dəstək vermir.
R.Həsənov əlavə edib ki, geosiyasi risklər fonunda qızıl və gümüş kimi qiymətli metallara maraq arta bilər, lakin bu artımın kiçik faizlərlə və daha çox qısamüddətli olacağı gözlənilir.
Onun fikrincə, yalnız müharibənin genişlənməsi, məsələn Hindistanın və ya İranın prosesə cəlb olunması və qarşıdurmanın daha böyük geosiyasi risk mənbəyinə çevrilməsi halında bazarlara təsir səviyyəsi ciddi şəkildə dəyişə bilər.
Hazırkı şərtlər daxilində isə ekspert həm neftin, həm də qızıl və gümüşün qiymətində kəskin dəyişiklik gözləmir. Qısamüddətli artım meyilləri Azərbaycan üçün neft ixrac edən ölkə kimi müəyyən müsbət təsir yarada, dövlət gəlirlərini artıra və manatın məzənnəsinin qorunmasına, həmçinin strateji valyuta ehtiyatlarının artmasına əlavə imkan formalaşdıra bilər.
Bununla belə, R.Həsənov uzunmüddətli və ciddi sosial-iqtisadi təsirlərdən danışmaq üçün hələ tez olduğunu vurğulayıb.
Gülnaz Abdullazadə
