Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit və nisbətən sərin hava şəraiti cəmiyyətdə fərqli müzakirələrə yol açıb.
Şimal küləkləri və hava axınlarının təsiri ilə respublikamıza daxil olan və bir neçə gün davam edən yağıntılı reallıq artıq geridə qalmaqdadır. Mövzu ilə bağlı Referans Media-ya özəl açıqlama verən tanınmış ekoloq Qorxmaz İbrahimov məsələyə həm ekoloji, həm də iqtisadi təsirlər prizmasından yanaşaraq çox mühüm məqamlara toxunub.
"Bu yağışların insan sağlamlığına heç bir fəsadı yoxdur, təbiətə isə faydası əvəzsizdir"
Ekoloq bildirib ki, may və iyun aylarında müşahidə olunan sərin və yağıntılı günlər bəziləri tərəfindən narahatlıqla qarşılansa da, əslində real mənzərə tamamilə fərqlidir:
"Bu yağıntıların insan sağlamlığı baxımından heç bir fəsadı, mənfi təsiri yoxdur. Əksinə, təbiətə faydası olduqca çoxdur. Ən azından su ehtiyatlarımızın zənginləşməsi baxımından bu proses əvəzsiz bir bərəkətdir. İstər Xəzər dənizinə, istər çaylarımıza, istərsə də ümumi ekosistemimizə bu rütubətin çox müsbət təsiri var."
Qorxmaz İbrahimov yaz aylarında və iyunun əvvəlində düşən dolu və güclü yağıntıların kənd təsərrüfatına təsirindən də danışıb. O qeyd edib ki, çiçəkləmə və ilkin bar dövründə bu cür hava şəraiti bəzi meyvə-tərəvəzlərə təsirsiz ötüşmür: "Amma bu da olan şeydir, təbiətin öz qanunudur. Təbiətdə belə halların baş verməsi normaldır və bunun qarşısını almaq qeyri-mümkündür".
"Dəniz sahillərindəki acınacaqlı mənzərə: Təbiəti sevmək azdır, qorumaq lazımdır!"
Ekoloq öz çıxışlarında tez-tez vurğuladığı ən yaralı yerimizə – vətəndaş məsuliyyətsizliyinə də sərt reaksiya verib. Onun sözlərinə görə, təbiətin şıltaqlığına qarşı aciz olsaq da, insan faktorunun yaratdığı süni fəsadların qarşısını ala bilərik:
Sahil zonalarının çirkləndirilməsi: "Mən hər çıxışımda xüsusi qeyd edirəm; dənizi çirkləndirmək olmaz! Dəniz sahilindəki istirahət məkanlarında, çimərliklərdə zibili atıb-buraxıb getmək yolverilməzdir."
Plastik torba bəlası: "Plastik torbaları, tullantıları rahatca təbiətə buraxırıq. Unuduruq ki, bu plastiklərin yox olması əsrlər aparır."
Meşələrin mühafizəsi: "Meşələrimizi, rekreasiya və yaşıl zonalarımızı həm yanğından, həm də digər insan amilli fəsadlardan göz bəbəyimiz kimi qorumalıyıq. Hazırkı hava şəraitinin öz-özlüyündə heç bir fəsadı yoxdur, əsas fəsadı təbiətə biz vururuq."
Sahibkarların "hava şanssızlığı": Hökumət tərəfindən güzəştlər edilə bilərmi?
Məsələnin digər tərəfi isə iqtisadi sahə ilə, xüsusən də turizm və iaşə sektoru ilə bağlıdır. Qorxmaz İbrahimov etiraf edir ki, sərin və yağıntılı keçən günlər ekologiyaya xeyir versə də, yay mövsümünə bel bağlayan iş adamlarına ciddi ziyan vurub:
"Bu hava şəraiti dəniz kənarında, kurort zonalarında fəaliyyət göstərən iş adamlarımızın planlarını alt-üst etdi və onlara müəyyən zərər vurdu. Bu mənada, baş verənləri tamamilə sahibkarların şanssızlığı adlandırmaq olar. Əslində normal reallıqdır, amma biznes zərər çəkir. Hesab edirəm ki, belə vəziyyətlərdə insanlara, iş adamlarına müəyyən güzəştlər edilməlidir. Bu addımların necə və hansı formada atılması isə təbii ki, artıq hökumətin qərarına bağlı olan bir məsələdir."
Ekoloq sonda nikbin proqnozunu da bölüşüb. O, bu qısamüddətli sərinlikdən sonra havaların yenidən tədricən istiləşəcəyini və ölkəmizdə normal, bərəkətli bir yay mövsümünün keçəcəyini gözlədiyini bildirib.
