"2027-ci ildən Azərbaycanda sahibkarlıq subyektləri üçün bir sıra vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Dəyişikliklər mikrosahibkarların fəaliyyətini genişləndirməsini, qeyri-neft ixracının artırılmasını və biznesin inkişafını təşviq etməyə yönəlib".
Referans Media-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verib.
Deputatın sözlərinə görə, müzakirə olunan və birinci oxunuşda qəbul edilən dəyişikliklərdən biri mikrosahibkarların daha yuxarı sahibkarlıq kateqoriyasına keçidini stimullaşdırmaqla bağlıdır:
"Mikrosahibkar fəaliyyətini genişləndirərək kiçik sahibkar kateqoriyasına keçərsə, əvvəlki hesabat ilində ödədiyi vergilərin növbəti dövrlərdə hesablanan vergi öhdəliklərindən çıxılması nəzərdə tutulur. Başqa sözlə, sahibkarın 2026-cı ildə ödədiyi vergilər sonrakı illərdə yaranan ümumi vergi öhdəliklərinin hesablanması zamanı nəzərə alınacaq.
Bu mexanizm mikrosahibkarların bizneslərini böyütməsinə və daha yüksək sahibkarlıq kateqoriyasına keçməsinə əlavə stimul yaradacaq.
Digər mühüm dəyişiklik ixrac fəaliyyətinin təşviqi ilə bağlıdır. Təklif olunan yeniliklərə əsasən, ixracyönümlü sahibkarlıq subyektləri üçün mənfəət və gəlir vergisi üzrə güzəştlərin tətbiqi planlaşdırılır. Burada əsas məqsəd, xüsusilə qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasını genişləndirməkdir".
Deputatın diqqətə çatdırdığı digər istiqamət isə sahibkarlıq subyektləri üçün beşillik vergi azadolmalarıdır:
"Təkliflərə əsasən, 2027-ci il yanvarın 1-dən etibarən beş il müddətinə ƏDV üzrə müəyyən azadolmaların, ticarət əlavəsi mexanizminin, əmlak vergisi və sadələşdirilmiş vergi ilə bağlı güzəştlərin tətbiqi nəzərdə tutulur.
Bundan başqa, dövlət büdcəsindən sahibkarlara verilən subsidiyaların da gəlir və mənfəət vergisindən beş il müddətinə azad edilməsi təklif olunur. Nəzərdə tutulan dəyişikliklər sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, biznes subyektlərinin genişlənməsinə və ölkənin ixrac potensialının artırılmasına xidmət edəcək".
