Dünyanın ən quraq və ən isti nöqtələrindən biri olan ABŞ-ın Kaliforniya ştatındakı Ölüm Vadisi, gözlənilməz yağışların ardından rəngarəng çiçəklərlə dolaraq təbiət möcüzəsinə çevrilib. Çölün ortasında açan minlərlə yabanı çiçək göstərir ki, təbiət ən sərt coğrafiyada belə sürpriz edə bilir.
Referans Media xəbər verir ki, Ölüm Vadisi Milli Parkında çiçəklərin açdığı müşahidə olunub və mütəxəssislər bu il geniş yayılma ehtimalının olduğunu bildirir. Çiçəklənmə xüsusilə “Badwater Road”un cənubu, “Daylight Pass Road” və “Furnace Creek” ətrafında müşahidə olunur. Park rəhbərliyi, çiçəklərin yayıldığı ərazilərdə ziyarətçilərin bitkilərə zərər vermədən təyin olunmuş yollardan getməsini tövsiyə edir və çiçək toplamağın qadağan olduğunu xatırladır.
Vadidə aşağı ərazilərdə başlayan çiçəklənmə, quru torpağı rəngli xal kimi örtüb. Ekspertlər bildirir ki, mövcud hava şəraiti çiçəklənməni dəstəkləyir və əlverişli şərait davam edərsə, bu il “superbloom” adlanan nadir çiçək partlayışı baş verə bilər.
“Superbloom”, tohumların illərlə torpağın altında gözlədikdən sonra yağış və ilıq hava şəraitinin bir araya gəlməsi ilə böyük bir sahənin çiçək örtüyü ilə bəzənməsi kimi izah olunur. Ölüm Vadisində belə geniş miqyaslı çiçək nümayişləri nadir hallarda müşahidə olunur və son böyük “superbloom” hadisələri onilliklər ərzində yalnız bir neçə dəfə baş verib.
Park rəhbərliyi ziyarətçiləri təbiətə diqqətlə yanaşmağa, çiçək toplamağın qadağan olduğunu unutmayaraq, təyin olunmuş yolları izləməyə çağırır. Beləliklə, təbii ekosistemin qorunması gələcək çiçək partlamalarının da zəmanəti olacaq.























