Pensiya kapitalını vaxtından əvvəl götürə BİLƏRSİNİZ: 65 yaşı gözləmədən...

Son vaxtlar vətəndaşların topladıqları pensiya kapitalından pensiya yaşına çatmadan istifadə etmək imkanının yaradılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə sosial şəbəkələrdə səsləndirilən fikirlərdə vətəndaşlar topladıqları vəsaitin heç olmasa bir hissəsini müalicə, mənzil və digər zəruri ehtiyaclar üçün birdəfəlik istifadə edə bilmələrinin vacibliyini vurğulayırlar.

Məsələnin iqtisadi tərəflərini dəyərləndirən Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, bu məsələyə həm vətəndaşın hüquqları, həm də pensiya sisteminin dayanıqlılığı baxımından yanaşmaq lazımdır.

Onun sözlərinə görə, bu cür tələblərin meydana çıxmasının əsas səbəbi Azərbaycanda həm kişilər, həm də qadınlar üçün pensiya yaşının 65 olmasıdır.
"Bir çox hallarda insanlar pensiya yaşına çatdıqdan sonra müxtəlif səbəblərdən uzun müddət pensiyadan yararlana bilmirlər, hətta dünyasını dəyişənlər də olur. Buna görə də cəmiyyətdə belə bir fikir formalaşıb ki, vətəndaşın illərlə topladığı pensiya kapitalı özünə çatmır. Bu baxımdan insanların həmin vəsaitdən sağlığında istifadə etmək istəyi başadüşüləndir", – deyə o bildirib.

V.Oruc qeyd edib ki, ilk baxışdan bu yanaşma normal görünsə də, məsələyə makroiqtisadi baxımdan yanaşdıqda müəyyən risklər ortaya çıxır.
"Əgər vətəndaş pensiya kapitalını əvvəlcədən götürərsə, gələcəkdə pensiya dövründə daha az məbləğ alacaq. Bu isə son nəticədə dövlətin sosial öhdəliklərini artıracaq, büdcəyə əlavə yük yaradacaq və sosial müdafiə sisteminə təsir göstərəcək", – deyə o vurğulayıb.

Ekspert bildirib ki, dünya təcrübəsində bu sahədə müxtəlif modellər mövcuddur.
"Bəzi ölkələrdə vətəndaş pensiya kapitalını tam şəkildə götürə bilir, lakin sonradan pensiya dövründə yaranacaq maliyyə problemlərinə görə bütün məsuliyyəti özü daşıyır. Digər ölkələrdə isə pensiya kapitalının 20-30 faizi müəyyən şərtlərlə istifadə üçün açılır. Məsələn, ağır xəstəlik zamanı müalicə xərcləri, ilk mənzilin alınması və ya çətin sosial vəziyyət kimi hallarda vətəndaşa bu hüquq verilir", – deyə V.Oruc bildirib.

Onun fikrincə, Azərbaycanda da pensiya kapitalından istifadə imkanının yaradılması mümkündür, lakin bunun müəyyən şərtlərlə tətbiqi daha məqsədəuyğundur.
"Hesab edirəm ki, vətəndaşa pensiya kapitalının müəyyən hissəsini, məsələn, 50 faizini istifadə etmək imkanı verilə bilər. Eyni zamanda, bu vəsait sosial əhəmiyyətli məqsədlərə yönəldilə bilər", – deyə o qeyd edib.

V.Oruc pensiya kapitalının ipoteka kreditləşməsinə yönəldilməsi variantını da təklif edib.
"Pensiya fondunda toplanan vəsait ipoteka kreditləşməsinə yönəldilə bilər. Bu zaman həmin vəsaitdən istifadə hesabına verilən kreditlər üzrə faiz gəlirlərinin müəyyən hissəsi pensiya hesabı sahibinə ödənilə bilər. Məsələn, ipoteka krediti üzrə faiz 8 faizdirsə, onun 1-2 faizi pensiya kapitalının sahibi olan vətəndaşa gəlir kimi qaytarıla bilər. Bu halda vətəndaş həm pensiya kapitalını qoruyar, həm də ondan əlavə gəlir əldə edər", – deyə ekspert bildirib.

Onun sözlərinə görə, başqa bir model kimi vətəndaşa pensiya kapitalını tam götürmək hüququ da verilə bilər. Lakin bu halda o, gələcəkdə pensiya məbləğinin azalacağını və pensiya dövründə yaranacaq maliyyə çətinliklərinə görə məsuliyyət daşıdığını əvvəlcədən qəbul etməlidir.

"Mən hesab edirəm ki, pensiya fondunda toplanan vəsait passiv şəkildə qalmaqdansa, vətəndaşın maraqlarına xidmət etməlidir. Ancaq pensiya kapitalından istifadə edən şəxs bilməlidir ki, bu addım gələcəkdə alacağı pensiyanın məbləğinin azalmasına səbəb olacaq. Əgər bunu şüurlu şəkildə qəbul edirsə, bu məsələnin vətəndaşın xeyrinə həll edilməsi mümkündür", – deyə V.Oruc əlavə edib.

Ekspert sonda vurğulayıb ki, pensiya kapitalının birdəfəlik ödənilməsi dövlət üçün də ciddi maliyyə yükü yarada bilər.

"Bu vəsaitlərin böyük hissəsi real pul şəklində deyil, uçot və elektron hesablar formasında mövcuddur. Əgər dövlət eyni vaxtda böyük həcmdə pensiya kapitalını ödəməyə məcbur olsa, bu, ölkə iqtisadiyyatı üçün ciddi çətinliklər yarada bilər.

İnkişaf etməkdə olan ölkə kimi Azərbaycanda belə addımlar yalnız müəyyən məhdudiyyətlər və sosial meyarlar çərçivəsində tətbiq oluna bilər. Məsələn, vəsait yalnız mənzil alınması, müalicə və digər sosial əhəmiyyətli məqsədlər üçün istifadə edilə bilər", – deyə o fikrini yekunlaşdırıb.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki