“Referans MEDİA”nın məlumatına görə, Rəsmilər bildirib ki, bazar ertəsi günü üç intiharçı Pakistanın hərbiləşdirilmiş qüvvələrinin qərargahını hədəfə alıb, nəticədə üç nəfər həlak olub, ən azı beş nəfər yaralanıb.
Polis bildirib ki, hücum edənlər Peşəvər şəhərindəki sərhəd polisinin qərargahına zorla girərək atəş açıblar və sonra kompleksin içərisində özlərini partladıblar.
Qüvvələrin komendant müavini Caved İqbal üç hərbi qulluqçunun həlak olduğunu bildirib.
Media ilə danışmaq səlahiyyəti olmayan yüksək vəzifəli bir məmur anonimlik şərti ilə bildirib ki, “İlk intiharçı polisin əsas girişinə hücum edib, digərləri isə binaya daxil olub”.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən ordu və polis ərazini mühasirəyə alaraq vəziyyəti diqqətlə idarə edir. Çünki qərargahda bəzi terrorçuların olduğundan şübhələnirik”, – deyə rəsmi əlavə edib.
Qüvvələrin qərargahı Hayber Paxtunxva əyalətinin mərkəzi Pişəvər şəhərinin sıx məskunlaşdığı ərazidə yerləşir.
“Yol nəqliyyat üçün bağlanıb və ordu, polis və (təhlükəsizlik) əməkdaşları tərəfindən mühasirəyə alınıb”, – deyə ərazi sakini Safdar Xan bildirib.
Xəstəxananın sözçüsü Məhəmməd Asim bildirib ki, iki hərbi qulluqçu da daxil olmaqla beş yaralı şəxs Lady Reading Xəstəxanasına aparılıb.
Hücumun məsuliyyətini indiyə qədər heç bir silahlı qruplaşma öz üzərinə götürməyib.
Bölgədə fəaliyyət göstərən islamçı yaraqlılar ötən ay Pakistan və Əfqanıstan arasında baş vermiş ölümcül sərhəd toqquşmalarından sonra son həftələrdə hücumları artırıblar .
Pakistan sərhədyanı hücumlar təşkil etdiyini iddia etdiyi silahlılara sığınacaq verməkdə Əfqanıstan Talibanını günahlandırır , Kabil bu ittihamı rədd edir.
