Prezident Naxçıvanda MÜHÜM MESAJLAR VERDİ: Bakıdan Naxçıvana birbaşa yol açılır - Yeni mərhələ başlayır

Prezident İlham Əliyev Naxçıvan səfəri zamanı Azərbaycanın və Naxçıvanın gələcəyi ilə bağlı mühüm mesajlar verdi. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan və Naxçıvanı nələr və hansı yeniliklər gözləyir?

Referans Media-ya açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, Prezidentin Naxçıvana son səfəri zamanı səsləndirdiyi fikirlər göstərir ki, Naxçıvanın gələcəyi yalnız muxtar respublikanın daxili inkişafı ilə deyil, onun Azərbaycanın əsas hissəsi, Türkiyə, İran və daha geniş regional nəqliyyat sisteminə inteqrasiyası ilə bağlıdır.

Onun sözlərinə görə, xüsusilə Zəngəzur dəhlizinin reallaşması Naxçıvan üçün tamamilə yeni iqtisadi mərhələ yarada bilər:

“Prezidentin müsahibəsində də qeyd olunduğu kimi, dəhliz açıldıqdan sonra Naxçıvandan Culfa istiqamətində İrana çıxan dəmir yolu xətti Azərbaycanın İranla ikinci dəmir yolu bağlantısına çevrilə bilər və bu xətt Şimal-Cənub nəqliyyat dəhlizi ilə əlaqələnə bilər.

Birinci böyük dəyişiklik Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının bərpası olacaq. Bu, təkcə nəqliyyat məsələsi deyil. Hazırda Azərbaycanın əsas hissəsindən Naxçıvana avtomobil və digər nəqliyyat əlaqələri daha uzun marşrutlardan asılıdır. Zəngəzur bağlantısı bu məsafə və logistika problemini əhəmiyyətli dərəcədə dəyişə bilər.

Üstəlik, İran üzərindən formalaşdırılan Araz bağlantısı ilə birlikdə Naxçıvan üçün alternativ marşrutların yaranması nəqliyyat dayanıqlığını artıracaq. Azərbaycan artıq bu istiqamətdə İran ərazisindən yeni avtomobil və dəmir yolu bağlantılarının yaradılması üzrə layihələr həyata keçirir”.

İqtisadçı qeyd edib ki, ikinci dəyişiklik Naxçıvanın logistika mərkəzinə çevrilməsi potensialıdır:

“Zəngəzur dəhlizi yalnız Bakı-Naxçıvan əlaqəsi kimi deyil, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişdiyi daha geniş regional nəqliyyat sistemi kimi formalaşa bilər. Prezidentin sözlərinə görə, dəhliz vasitəsilə Naxçıvanın mərkəzində olduğu yeni nəqliyyat imkanları yarana bilər və İran üzərindən Fars körfəzinə, daha sonra isə digər Asiya bazarlarına çıxış genişlənə bilər.

Üçüncü və mənim fikrimcə, ən vacib məsələ isə sənayedir. Naxçıvanın sadəcə tranzit əraziyə çevrilməsi kifayət deyil. Buradan keçən nəqliyyat axınlarının yerli iqtisadiyyatda əlavə dəyər yaratması lazımdır. Bu baxımdan Naxçıvan Sənaye Parkının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. 310 hektarlıq sənaye parkında istehsal, logistika, enerji, su, rabitə və digər infrastrukturun yaradılması nəzərdə tutulur və artıq potensial investorlarla layihələr üzrə danışıqlar aparılır.

İnşallah ki, burada yeni iqtisadi model yarana bilər: nəqliyyat, logistika, istehsal, ixrac kvarteti. Yəni xammal Naxçıvana daha rahat daxil olur, burada emal edilir, hazır məhsula çevrilir və Türkiyə, İran, Mərkəzi Asiya və digər bazarlara çıxarılır. Əgər bu model qurularsa, Naxçıvanın iqtisadi inkişafında əsas gəlir mənbələrindən biri yalnız daxili ticarət deyil, ixrac və tranzit xidmətləri ola bilər”.

Asif İbrahimov bildirib ki, Azərbaycan üçün də mühüm dəyişikliklər gözlənilir:

“Zəngəzur dəhlizinin reallaşması ölkənin nəqliyyat sistemində alternativ marşrutların sayını artıracaq. Prezidentin rəsmi materiallarında dəhlizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında strateji halqa kimi çıxış edə biləcəyi və ölkənin dəhlizlər üzrə illik yükdaşıma imkanını 15 milyon ton artıracağı qeyd olunur.

Türkiyə ilə iqtisadi əlaqələr də yeni mərhələyə keçə bilər. Azərbaycan-Naxçıvan-Türkiyə istiqamətində daha birbaşa dəmir yolu bağlantısının formalaşması yükdaşımaları sürətləndirə və logistika xərclərini aşağı sala bilər. Türkiyə ərazisində Dilucu-Qars dəmir yolu layihəsinin də Zəngəzur dəhlizinin Türkiyə ilə inteqrasiyasını gücləndirməsi nəzərdə tutulur.

İran istiqaməti isə ayrıca strateji əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirməklə yanaşı, Naxçıvan-Culfa-İran istiqamətinin daha geniş nəqliyyat sisteminə inteqrasiyasına imkan verə bilər. Beləliklə, Azərbaycan üçün Naxçıvan vasitəsilə Türkiyə-Azərbaycan-İran-Fars körfəzi istiqamətində yeni iqtisadi imkanlar formalaşa bilər. Prezidentin son müsahibəsində də məhz Naxçıvanın bu nəqliyyat sisteminin mərkəzində dayana biləcəyi vurğulanıb”.

İqtisadçı hesab edir ki, geosiyasi baxımdan da Naxçıvanın əhəmiyyəti daha da artacaq:

“Naxçıvan artıq Azərbaycanın əsas hissəsindən coğrafi olaraq ayrı yerləşən muxtar respublika deyil, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşən strateji qovşaq kimi daha böyük əhəmiyyət qazana bilər. Bu, Azərbaycanın regional nəqliyyat və logistika siyasətində mövqeyini gücləndirəcək.

Amma burada bir məqamı xüsusi vurğulamaq lazımdır: dəhlizin açılması özü-özlüyündə iqtisadi sıçrayış yaratmır. Əsas məsələ ondan necə istifadə etməkdir. Naxçıvanda müasir logistika mərkəzləri, gömrük infrastrukturu, anbarlar, sənaye müəssisələri, ixracyönümlü istehsal, enerji və rəqəmsal infrastruktur paralel inkişaf etdirilməlidir. Əks halda Naxçıvan yalnız tranzit xəttinin üzərində yerləşən ərazi olaraq qala bilər.

Mən hesab edirəm ki, qarşıdakı mərhələdə Naxçıvan üçün “tranzitdən istehsala” keçid əsas hədəf olmalıdır. Zəngəzur dəhlizi Naxçıvana yolu açacaq, Naxçıvan Sənaye Parkı isə həmin yolun yaratdığı iqtisadi imkanları istehsala və məşğulluğa çevirməlidir.

Nəticə etibarilə, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın nəqliyyat xəritəsi dəyişə, Naxçıvanın iqtisadi çəkisi arta, Türkiyə və İranla logistika imkanları genişlənə, yeni sənaye və xidmət sahələri yarana, ixrac imkanları böyüyə bilər. Ən böyük perspektiv isə Naxçıvanın Azərbaycanın yeni logistika-sənaye qovşaqlarından birinə çevrilməsidir.

Başqa sözlə desək, qarşıdakı mərhələdə məsələ sadəcə Naxçıvana yol açılması deyil. Əsas məsələ həmin yolun üzərində yeni iqtisadiyyatın qurulmasıdır. Prezidentin Naxçıvanla bağlı səsləndirdiyi fikirlərdən də görünür ki, yanaşma məhz daha geniş regional nəqliyyat və iqtisadi inteqrasiya üzərində qurulur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki