Azərbaycanda ictimai nəqliyyat sistemində nəzərdə tutulan yeni idarəetmə modeli müzakirə olunmaqdadır. Xüsusilə Bakı Metropoliteni, BakuBus və Bakı Taksi Xidməti kimi qurumların vahid idarəetmə çərçivəsində birləşdirilməsi nəqliyyat sektorunda institusional dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir. Mütəxəssislər hesab edir ki, bu addım idarəetmədə koordinasiyanın gücləndirilməsi, xidmət keyfiyyətinin artırılması və sərnişindaşıma sisteminin daha effektiv təşkili baxımından mühüm rol oynaya bilər.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, həyata keçirilən dəyişikliklər nəqliyyat sektorunda institusional yenilənmənin tərkib hissəsidir.
“Bu, institusional dəyişiklikdir və praktik olaraq nəqliyyat sektorunda yeni idarəetmə modelinə keçid müşahidə olunur. Bu baxımdan dəyişikliklər həm idarəetmədə çevikliyin artmasına, həm də idarəetmə sisteminin daha da təkmilləşməsinə imkan yaradacaq”, – deyə deputat qeyd edib.
Onun sözlərinə görə, aparılan dəyişikliklərdən sonra xüsusilə sözügedən istiqamətlər üzrə idarəetmənin səmərəliliyinin artması və xidmət keyfiyyətinin yüksəlməsi müşahidə olunacaq.
Vüqar Bayramov hesab edir ki, vahid koordinasiya sisteminin formalaşdırılması ictimai nəqliyyatda idarəetmə mexanizmlərinin daha effektiv işləməsinə, sərnişin məmnuniyyətinin yüksəlməsinə və xidmətlər arasında inteqrasiyanın güclənməsinə şərait yarada bilər.
Gülnaz Abdullazadə
