Bakı artıq bitirir, İrəvan indi başlayır: ABŞ-a şikayət edilə bilər

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan, ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan, Şəhərsalma Komitəsinin sədri Eqiazar Vardanyan və digər rəsmilər Sünik vilayətinə (Zəngəzur-red.) səfər ediblər.

Bildirilib ki, Ermənistan rəsmiləri TRIPP infrastrukturlarının layihələndirilməsi üzrə işlərin başlanması ilə bağlı təşkilati məsələləri yerində müzakirə etmək və layihənin bundan sonrakı gedişatını müəyyənləşdirmək məqsədilə bölgəyə gəliblər.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi çərçivəsində tikinti işlərinin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlaya biləcəyini söyləyib.

Referans Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, TRIPP layihəsi çərçivəsində tikinti işlərinin başlaması Ermənistan tərəfindən xeyli yubadılıb:

“Təsəvvür edin, Azərbaycan tərəfi az qala prosesi bitirsin, amma İrəvan hələ başlayacağı tarixi açıqlayır. Bir çox hallarda onlar bu yubanmanı ərazinin çətin relyefi və məsafənin uzunluğu ilə əlaqələndirirlər. Lakin bu, sadəcə, vaxt udmaqdır.

Ermənistan tərəfinin çoxdankı taktikası zaman qazanmaq və beləcə, dəyişən siyasi vəziyyətə uyğun yeni reallıqlar təklif etməkdir. Lakin bu məsələyə dair Bakının mövqeyi açıq və dəyişməzdir. Zənnimcə, proses gecikərsə, Bakı İrəvana təzyiq edəcək. Bizim üçün sülh mühümdür, lakin unutmaq olmaz ki, qarşı tərəf prosesi uzadarsa, cavab da fərqli ola bilər.

Ümumiyyətlə, prosesin bir tərəfində ABŞ dayanır. Rəsmi Bakı İrəvanı ABŞ-a şikayət edə bilər. Hələlik buna zərurət yoxdur, lakin proses uzanarsa, bu, baş verə bilər”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki