8 milyonluq villa, bahalı imarət, elit mənzil... - Mehdiyev hansında yaşayır?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 14 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və əmlakının dövlət nəfinə müsadirə olunması ilə bağlı qərar ictimai müzakirələrə səbəb olub.

Referans Media  xəbər verir ki, oktyabrın 28-də yayılan məlumatlarda Mehdiyevə və ailə üzvlərinə aid edilən əmlakın siyahısı təqdim olunub. Siyahıda yüzlərlə hektar torpaq sahəsi, dəbdəbəli villalar, bahalı mənzillər, ticarət obyektləri, şirkətlər və maliyyə sektorundakı paylar yer alır.

Ramiz Mehdiyevin hazırda hansı evdə yaşaması isə ictimaiyyətin cavab axtardığı əsas suallardan biridir.

Tbilisi prospektindəki 8 milyon dollarlıq villa

Ramiz Mehdiyevin adı ilə əlaqələndirilən ən diqqətçəkən mülklərdən biri Bakının Tbilisi prospektində yerləşən dəbdəbəli villadır.

36 sot ərazidə yerləşən bu mülkün bir müddət əvvəl 8 milyon ABŞ dollarına satışa çıxarıldığı barədə məlumat yayılmışdı.

Ötən il mediada Ramiz Mehdiyevin ev dustaqlığını məhz Tbilisi prospektindəki villasında çəkdiyi yazılmışdı. Həmin məlumatda onun sabiq daxili işlər naziri Ramil Usubovla qonşu olduğu bildirilirdi.

Novxanıda iki böyük villa – ciddi mühafizə

Ramiz Mehdiyevin adı çəkiləndə ilk yada düşən ünvanlardan biri də Abşeronun Novxanı qəsəbəsindəki bağ evidir.

Həmin villanın görüntüləri ötən il mətbuatda yayımlanmışdı. Böyük bağ sahəsində iki nəhəng villanın inşa edildiyi, ərazinin ciddi mühafizə olunduğu və müşahidə kameraları ilə izlənildiyi bildirilirdi. Jurnalistlər həmin vaxt evdə Mehdiyevlə görüşə bilməmiş, qonşulardan onun başqa ünvanda qaldığını öyrənmişdilər.

Novxanıdakı mülk təkcə dəbdəbəli tikililəri ilə deyil, Ramiz Mehdiyevin ailə tədbirləri ilə bağlı xəbərlərdə də gündəmə gəlib. Mətbuatda pandemiya dövründə onun nəvəsinin toyunun bu bağ evində keçirildiyi barədə məlumatlar yayılmışdı.

Ramiz Mehdiyev və ailə üzvləri ilə əlaqələndirilən mülklər yalnız Bakıdakı iki villa ilə məhdudlaşmır. Mətbuatda yayılan siyahılarda müxtəlif ünvanlarda yerləşən torpaq sahələri, mənzillər və digər obyektlər də göstərilir.

Bəs Ramiz Mehdiyev hazırda harada yaşayır?

Ramiz Mehdiyevin hansı evdə yaşaması ilə bağlı maraq təbiidir. Lakin məsələnin daha vacib tərəfi illər ərzində onun adı ilə əlaqələndirilən əmlakın hüquqi mənşəyinin və müsadirə qərarının faktiki nəticələrinin aydınlaşdırılmasıdır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Modern.az-a bildirib ki, Ramiz Mehdiyev barəsindəki hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunmuş əmlakın sonrakı taleyi ilə bağlı məsələlər dəqiqləşdiriləcək.

Sosial şəbəkələrdə Ramiz Mehdiyevin hansı ünvanda yaşaması ilə bağlı müxtəlif iddialar səsləndirilir. Bəziləri onun Novxanıdakı bağ evində, digərləri Tbilisi prospektindəki villasında qaldığını iddia edir. Onun Badamdar qəsəbəsində, Botanika bağının yaxınlığında yerləşən elit binanın 400 kvadratmetrlik mənzilində yaşadığını söyləyənlər də var. Bu məncilin 2 milyon dollardan baha olduğu iddia olunur.

Ramiz Mehdiyevin məhkəməsi qapalı keçirildiyindən onun prosesə hansı ünvandan onlayn qoşulduğu media və ictimaiyyətə məlum olmayıb.

"Boz kardinal" hansı maddələrlə ittiham olunub?

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunub.

Hakim Murad Aslanovun sədrlik etdiyi məhkəmə Ramiz Mehdiyevə təyin edilən azadlıqdan məhrumetmə cəzasını şərti tətbiq edib.

Onun yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.

Ramiz Mehdiyevin hazırda harada yaşadığını dəqiqləşdirmək mümkün olmasa da, bir məqam diqqət çəkir: məhkəmənin qərarı qüvvədə qaldığı və şərti cəzanın tətbiqi üçün müəyyən edilmiş hüquqi əsaslar mövcud olduğu müddətdə o, təyin olunmuş cəzanı penitensiar müəssisədə çəkməyəcək. Bununla belə, şərti cəza onun ömrünün sonunadək mütləq evdə qalacağına da zəmanət vermir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki