“Azərbaycanda 200-dən çox jurnalist təşkilatı var. Azərbaycan Jurnalistlər Birliyi isə yalnız öz üzvlərinə cavabdehdir”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bu fikirləri “Milli mətbuatdan rəqəmsal mediaya: keçid və yeni dövrün çağırışları” mövzusuna həsr olunan forumda səsləndirib.
O bildirib ki, jurnalist təşkilatına üzv olmaq təklifinə qarşı tərəfin ilk reaksiyası çox vaxt “Bu mənə nə verəcək?” sualı olur.
“Bu baxımdan, mən redaksiyaların işinə heç cür qarışa bilmərəm”, – deyə Elçin Şıxlı qeyd edib.
O, jurnalistlərin sığortalanması məsələsinə də toxunub. Onun sözlərinə görə, bu istiqamətdə müəyyən təşəbbüslər olsa da, maliyyə çatışmazlığı səbəbindən sığorta fondunun yaradılması mümkün olmayıb.
“Jurnalistlərin sığortalanması məsələsi bizdə həllini tapmayıb. Əvvəllər bu işi görməyə çalışdım. Ancaq sığorta fondunun yaradılması üçün jurnalistlərin müəyyən məbləğ ödəməsi tələb olunurdu”, – deyə o bildirib.
E.Şıxlı qeyd edib ki, Azərbaycan Jurnalistlər Birliyində illik üzvlük haqqı 10 manatdır. Bu məbləğlə genişmiqyaslı layihələr həyata keçirmək çətindir. Üzvlük haqları müxtəlif vaxtlarda ödənildiyindən lazımi maliyyə vəsaitini toplamaq da asan deyil.
Birlik sədri sığorta şirkətləri ilə əməkdaşlıq imkanlarından da danışıb. O bildirib ki, belə əməkdaşlıq çərçivəsində müəyyən fond yaradıla və jurnalistlərin sığortalanmasına vəsait ayrıla bilər.
Elçin Şıxlı əlavə edib ki, Azərbaycan Jurnalistlər Birliyində yeni layihələr üzərində iş aparılır. Onun sözlərinə görə, birliyin ətrafında yeni gənc qrup formalaşıb və həmin qrupla birlikdə yeni təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.
Jurnalistlərin hüquqlarının qorunmasına gəlincə, E.Şıxlı bunun ayrı-ayrı təşkilatların deyil, bütün jurnalist birliklərinin birgə fəaliyyəti ilə daha səmərəli şəkildə həyata keçirilə biləcəyini bildirib.
O, gənc jurnalistlərin Azərbaycan Jurnalistlər Birliyinin fəaliyyəti barədə məlumatlılıq səviyyəsinə də diqqət çəkib:
“Gənc jurnalistlər bir çox hallarda hətta Azərbaycan Jurnalistlər Birliyinin mövcudluğundan xəbərdar deyillər”./musavat.com/
