Məktəblərdə yeni islahatlar başlayır: İlk sıqnal verildi

“Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar sənədi hazırlanır”.

Bunu Elm və Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev deyib. O bildirib ki, sənədin bu ilin sonuna qədər tamamlanması planlaşdırılır:

"Yeni sənəd fərqli yanaşmanı nəzərdə tutur. Yeni standartlarda elə bir yanaşmaya keçmişik ki, bu, mədəniyyətlərarası dialoqa və rəqəmsal vətəndaşlığa ciddi təsir göstərəcək. Bunu nəyə əsasən deyə bilərəm? İlk növbədə, yeni sənəddə səriştələr üzrə əlavə çərçivə olacaq. Bu çərçivədə vətəndaşlıq ayrıca bir səriştə kimi müəyyənləşdirilir. Bu isə irəliyə doğru atılmış çox mühüm addımdır". 

E.Əliyev bu məsələdə yeni yanaşmanın fənlərarası xarakter daşıdığını vurğulayıb:

"Bu yanaşma çərçivəsində bütün fənlərin birgə inkişaf etdiriləcəyi ümumfənlərarası bacarıqlar nəzərdə tutulur. Yəni bu səriştələr üzərində yalnız bir fənn deyil, müxtəlif fənlər öz tədrisi çərçivəsində işləyəcək. Buraya mədəniyyətlərarası dialoq və rəqəmsal vətəndaşlıq da daxildir. Bildiyiniz kimi, yeni səriştələrə yanaşma dörd əsas komponentdən ibarətdir: bilik, bacarıqlar, münasibətlər və dəyərlər.

İbtidai siniflərdən başlayaraq orta və yuxarı siniflərədək məktəbin bütün pillələrində, eləcə də hər bir fəndə bu komponentlər inteqrasiya olunacaq. Başqa sözlə, bilik, bacarıq, münasibət və dəyərlər hər bir fənnə, hər sinif səviyyəsinə və məktəbin bütün pillələrinə daxil ediləcək". 

Ümumi təhsil üzrə yeni standartlar nəyi dəyişəcək, təhsildə hansı müsbət rol oynayacaq? 

Referans Media xəbər verir ki, məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, bu məsələ ilk dəfədir Elm və Təhsil İnstitutu tərəfindən qeyd edilir:


“Bütün fənlərə bərabər yanaşılması, dünyəvi standartlara uyğunlaşdırılması istiqamətində müəyyən tədbirlərin olacağı gözlənilir. Əslində bu təşəbbüslə bağlı hələ ki, ətraflı məlumat yoxdur. Ancaq görünən odur ki, hansısa islahatların getməsi ilə bağlı yeni dəyişikliklər, istiqamətlər nəzərdə tutulur. Son günlərdə də adambaşına maliyyələşmə ilə bağlı yeni bir qərarın olması ondan xəbər verir ki, artıq ümumtəhsil məktəblərində müəyyən addımların atılması istiqamətində nələrsə düşünülür. Arzu edək ki, bu təşəbbüslər, qərarlar ancaq ümumtəhsilin inkişafına xidmət edəcək”. 

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki