Referans xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin hökumətə 1 sentyabra qədər xarici mənşəli messencerlərə qarşı rəsmi məhdudiyyətlər paketi hazırlamağı tapşırıb.
Bu, artıq rəsmi dövlət qərarıdır və yaxın həftələrdə milyonlarla istifadəçini birbaşa əhatə edəcək.
Yeni qaydalar “informasiya təhlükəsizliyi və rəqəmsal suverenlik” adı altında tətbiq olunacaq və ilk növbədə WhatsApp, iMessage, Zoom, Microsoft Teams və hətta Telegram kimi platformaları əhatə edə bilər.
Rusiya üçün “WhatsApp dövrü” başa çatır!
Putinin göstərişindən sonra bu tətbiqlərin dövlət qurumlarında istifadəsi yasaqlanacaq, App Store və Google Play-də bloklana bilər, hətta kommersiya fəaliyyətlərinə də qadağa qoyula bilər.
Telegram da təhlükədədir
Ən maraqlı və mübahisəli məqam isə Telegram-un bu siyahıya düşmə ehtimalıdır. Baxmayaraq ki, Telegram rəsmi olaraq Rusiya mənşəli layihədir, lakin onun hüquqi qeydiyyatı xaricdədir və Rusiya hökuməti ilə açıq əməkdaşlıq etmir. Bu səbəbdən Kremlin onu da “xarici təsir vasitəsi” kimi qəbul etməsi mümkündür.
Müşahidəçilər bildirirlər ki, bu qərar Rusiya informasiya məkanının tam nəzarətə götürülməsi istiqamətində növbəti addımdır. Məqsəd — vətəndaşların şəxsi məlumatlarının xarici platformalara ötürülməsinin qarşısını almaq, həmçinin “rəqəmsal casusluq və təbliğat risklərini” aradan qaldırmaqdır.
Sual açıq qalır:
Rusiyada yaşayan milyonlarla insan bundan sonra necə ünsiyyət saxlayacaq? Qlobal messencerlər ləğv edilərsə, Rusiya daxili, Kreml nəzarətində olan tətbiqlərləmi kifayətlənəcək?
Məlumat üçün deyək ki, bu təşəbbüs artıq texnoloji platformalara da siqnal verib: App Store və Google Play-də bəzi tətbiqlərin çıxarılması, DNS səviyyəsində bloklanma və kommersiya məhdudiyyətləri gündəmdədir.
Bütün hallarda, “messencer dövrü” Rusiya üçün başa çatır – bu, Kreml tarixində informasiya azadlığına vurulan ən böyük zərbələrdən biri kimi qiymətləndirilir./musavat.com