“Qalatasaray” klubu Abdülkerim Bardakcı və Barış Alper Yılmaz haqqında yayılan xəbərlərə qarşı hüquqi addım atacağını açıqlayıb.
Referans Media xəbər verir ki, Barış Alper Yılmaz və Abdülkerim Bardakcı ilə bağlı Baş Prokurorluğun guya araşdırma başladığına dair yayılan məlumatlar təkzib edildikdən sonra, klub da rəsmi açıqlama yayıb.
Açıqlama klubun rəsmi internet saytı və sosial media hesablarında dərc olunub:
“Futbolçularımızın adlarından istifadə edərək məlumat manipulyasiyası aparan media qurumları və şəxslər haqqında İstanbul Respublikası Baş Prokurorluğuna rəsmi şəkildə şikayət təqdim ediləcək. Baş Prokurorluq tərəfindən təkzib edilməsinə baxmayaraq, bu tip uydurma xəbərləri yayan, media etikası və peşə prinsiplərinə sahib olmayan qurumlarla hüquqi mübarizəmizi sonadək davam etdirəcəyik. ‘Qalatasaray’ İdman Klubu olaraq həqiqətlərin təhrif edilməsinə, futbolçularımızın nüfuzunun zədələnməsinə və etik dəyərlərin istismar olunmasına heç vaxt icazə verməyəcəyik.”






















