Azərbaycanda kafe və restoranlara tədarük edilən yerli istehsal çəllək pivələrinin qiymətində artım gözlənilir.
Eyni zamanda, bu sahədə vergi nəzarəti tədbirləri gücləndirilib.
Referans Media xəbər verir ki, sözügedən çəllək pivələrinin qiymətində əvvəlki xərclərlə müqayisədə azı 10 manat artım olacaq.
Belə ki, 1 iyuldan etibarən:
30 litrlik çəllək – 60 manat
50 litrlik çəllək – 100 manat təşkil edəcək.
Xatırladaq ki, Dövlət Vergi Xidməti (DVX) bu sektorda nəzarət mexanizmini daha da sərtləşdirib. Qurumun ötən həftə yaydığı rəsmi məlumata görə, aparılan təhlillər və nəzarət tədbirləri zamanı pivə istehsalı və satışı zəncirində bir sıra ciddi qanunsuzluqlar aşkarlanıb.
- İstehsal üçün tələb olunan xammalın qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilmədən dövriyyəyə daxil edilməsi;
- Məhsulların və gəlirlərin uçotdan gizlədilməsi faktları.
DVX bildirir ki, həm istehsalçılar, həm də məhsulların topdan və pərakəndə satışı ilə məşğul olan təsərrüfat subyektləri tərəfindən aksizli mal hesab edilən pivənin satışı mütləq şəkildə qanunvericiliyə uyğun rəsmiləşdirilməlidir.
Hazırda həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı xüsusilə aşağıdakı hallara ciddi diqqət yetirilir:
- Əməliyyatların müvafiq informasiya sistemində qeydiyyata alınması;
- Aksiz markası ilə markalanmamış məhsulların dövriyyəyə buraxılmasının qarşısının alınması.
Onu da bildirək ki, sözügedən dəyişikliklər şüşə qablaşdırılmada (butulka) satılan pivələrə aid deyil./nocomment.az
