İstanbul mərkəz olmaqla 9 vilayətdə qanunsuz mərc və qumar gəlirlərinin leqallaşdırılması iddiaları ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib.
Referans Media xəbər verir ki, istintaq məlumatlarına görə, araşdırma çərçivəsində ümumi dövriyyənin təxminən 30 milyard lirəyə çatdığı müəyyən edilib. Maliyyə hərəkətlərinin rəsmi kommersiya fəaliyyəti ilə uyğunluq təşkil etmədiyi iddia olunur.
Əməliyyat nəticəsində 37 şübhəli saxlanılıb. Bundan əlavə, araşdırma çərçivəsində müxtəlif əmlaklara və şirkətlərə hüquqi məhdudiyyətlər tətbiq edilib.
Məlumata əsasən, tədbirlər çərçivəsində 32 şirkət, 19 yaşayış evi, 9 torpaq sahəsi, 1 iş yeri və 31 nəqliyyat vasitəsi ilə bağlı qərarlar qəbul olunub.
Əməliyyat Ankara, İzmir, Hatay, Kocaeli və digər bölgələrdə eyni vaxtda həyata keçirilib.
Rəsmi qurumlar tərəfindən istintaqın davam etdiyi bildirilib. Saxlanılan şəxslərlə bağlı yekun hüquqi qərarlar məhkəmə prosesindən sonra müəyyən ediləcək.
