Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ

2026-cı ilin may ayında Azərbaycanda qeyri-qida məhsullarının qiymətlərində müxtəlif istiqamətli dəyişikliklər müşahidə olunub. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, bəzi məhsul qruplarında qiymət artımları sürətlənərkən, müəyyən kateqoriyalarda isə ucuzlaşma qeydə alınıb.

Məlumata əsasən, may ayında qeyri-qida məhsulları arasında ən yüksək illik bahalaşma zərgərlik məmulatlarında qeydə alınıb. Bu məhsul qrupunda qiymətlər 2025-ci ilin may ayı ilə müqayisədə 24,1 faiz, ilin ilk 5 ayı üzrə isə ötən ilin eyni dövrünə nisbətən 31,6 faiz artıb.

Zərgərlik məmulatlarının qiymətində kəskin artım nə ilə bağlıdır?

Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, qızıla artan tələbat fonunda əvvəllər daha çox bahalaşma olub:

“Məsələn, 2024-2025-ci illərdə qızıl 70 faizədək bahalaşıb. Bu mənada may ayındakı bahalaşma o qədər də yüksək deyil. Çünki bir zamanlar qızılın bir unsiyasının qiyməti 5500 dollardan yüksək idi. Amma indi qiymətlər 4000 min dollar ətrafında dəyişir. Bu da qiymətin stabilləşdiyini göstərir.

Doğrudur, bəzi institutlar qızılın 1 unsiyasının 10 000 dollara qədər bahalaşacağını söyləyir. Nəzərə alaq ki, qızıl hələ də diversifikasiya olunmuş mənbə kimi qəbul olunur. Yəni, bir çox ölkələr öz ehtiyatlarını qızıla keçirir. Bu ölkələr arasında Çin, Hindistan, Rusiya, Türkiyə və başqa dövlətlər var. Bu cür tələbat fonunda qızılın qiymətinin artması normaldır”.

Müsahibimiz əlavə edib ki, bazarda bu gün aldadıcı alətlər var:

“Bu alətlər istənilən vaxt qızılın ucuzlaşmasına yol aça bilər. Necə ki, qızılın bir unisyasının qiyməti 5500 dolllar üzərində olduğu halda cəmi bir-iki ayda min dollara qədər ucuzlaşma oldu. Ona görə də qızılın sürətlə bahalaşacağı barədə qəti söz demək çətindir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki