“Ermənistanın sabiq xarici işlər naziri Edvard Nalbandyan Parisdə təkbətək görüşdə bildirdi ki, onların üzərində böyük təzyiq var”.
Referans.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İctimai TV-də yayımlanan “Təmas xətti” verilişində deyib.
“Nalbandyan dedi ki, onlar israr edirdilər ki, Ermənistan Qarabağın müstəqilliyini tanısın, amma biz buna getmədik. Mən də ona dedim ki, “Məni qorxudursan? Tanımaq istəyirsən, tanı! Amma sonra hansı üzlə Rusiya, ABŞ və Fransanın qarşısına çıxacaqsan?” Bu, həmin üç ölkənin yanaşmasına zərbə vurmaq deməkdir.
Rambuye görüşü qırılma nöqtəsi oldu. Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryan tualetə getmək bəhanəsi ilə görüşü tərk etdi. Bir saatdan artıq danışıqlar aparılmışdı, faktiki danışıqlardan yayındı.
Mənə elə gəlir ki, 2008-ci ildə Azərbaycan Prezidenti qərara gəldi ki, biz müharibəyə hazırlaşmalıyıq”, – Elmar Məmmədyarov qeyd edib.
