Rusiyanın müdafiə naziri Andrey Belousovun bu ilin oktyabr ayında Azərbaycana səfəri gözlənilir.
Referans Media bildirir ki, Globalinfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda keçirilən “Rusiya-Azərbaycan” sessiyasında çıxışı zamanı deyib.
Səfir bildirib ki, Belousovun Bakıya səfəri üçün rəsmi dəvət artıq göndərilib.
“Rusiyanın müdafiə naziri cənab Belousov üçün açıq dəvətimiz var. Onu oktyabr ayında Bakıda görməyi gözləyirik”, – deyə Mustafayev vurğulayıb.
Diplomatın sözlərinə görə, bu səfər iki ölkə arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verə bilər.
O qeyd edib ki, müdafiə sahəsi Azərbaycan-Rusiya münasibətlərində xüsusi əhəmiyyət daşıyır və bu istiqamətdə fəal dialoq ümumi münasibətlərin səviyyəsinə də təsir göstərir.
