Ötən gün “Sədərək” Ticarət Mərkəzinin ərazisində baş verən yanğın bir sıra məsələləri yenidən gündəmə gətirib.
Bunlardan biri də sığorta məsələsidir. Nəzərə alsaq ki, sözügedən ticarət mərkəzində yaxın vaxtlardan bir neçə dəfə yanğın hadisəsi baş verib, bəs burada sığortalanma prosesi necə tənzimlənir? Yanan obyektlərin sahiblərinə sığorta ödənişi olacaqmı?
Məsələ ilə bağlı “Sədərək” Ticarət Mərkəzi ilə əlaqə saxladıq. Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim Referans-a açıqlamasında bildirib ki, yanğının baş verdiyi obyektlər ticarət mərkəzinə aid deyil.
“Həmin obyektlər məhz şirkətin özünə məxsusdur. Buna görə də onların sığorta məsələsi bizə aid deyil. Bu obyektlər şirkət tərəfindən sığortalanmalıdır. Bizə məxsus olan obyektlərin hər birinin müqavilələri var və həmin müqavilələrdə əsas şərtlərdən biri də sığorta məsələsidir. Gəlib bütün müqavilələrə baxsanız, bunun şahidi ola bilərsiniz”.
Kəmaləddin Qədim bildirib ki, ötən gün baş verən yanğında “Sədərək” Ticarət Mərkəzinin, ümumiyyətlə, zərər görmədiyini deyib.
Fidan Vəlisoy
