Sertifikasiya imtahanı yaxınlaşır: Maaşlar yeni qaydada hesablanacaq?

2026-cı ildə keçiriləcək müəllimlərin sertifikasiya imtahanlarının tarixləri məlum olub.

Belə ki, 2026-cı il üzrə sertifikatlaşdırılma prosesinin 17-19, 23-25 iyun tarixində təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, 2026-cı ildə keçiriləcək sertifikasiya prosesində ilk dəfə tarix, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə və musiqi fənlərini tədris edən müəllimlər iştirak edəcəklər.

Bununla yanaşı, kimya, biologiya, fizika, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, eləcə də xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili – rus bölməsi, alman dili, fransız dili və s.) müəllimləri də sertifikasiyaya cəlb olunacaqlar.

Qeyd edək ki, ölkədə sertifikasiyanın keçirilməsi ümumilikdə müsbət qarşılansa da, ötən sertifikasiya nəticələrinə əsasən müəllimlər yeni bir təkliflə çıxış etmişdilər.

Belə ki, müəllimlərin bir qismi son sertifikasiyadan sonra belə bir təklif irəli sürmüşdülər ki, müəllimlərin maaşı sertifikasiya balına uyğun hesablansın. Yəni 60 bal toplayanlar 45 bal toplayanla eyni maaşı almaq istəmir.

Bu təklifin reallaşması mümkündürmü?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli "Cebheinfo.az"-a bildirib ki, ümumiyyətlə, Azərbaycanda sertifikasiya imtahanından sonra bir gərginlik yaşandı:

"Minimum balı toplayanlar üçün 10 faiz əməkhaqqına əlavələr, 50 baldan yuxarı toplayanlar üçün isə 35 faiz əməkhaqqına əlavələr olundu. Həmin əlavələr də ümumi bir narazılıq yaradırdı ki, məsələn, 50 bal toplayan müəllimlə 51 bal toplayan arasında cəmi 1 bal faiz fərqi var. Ancaq 50 bal toplayanlar 10 faiz əlavə aldığı halda, 51 bal toplayanlar 35 faiz alıb.

Yəni bu məsələ dəfələrlə müzakirə olundu. Ümumilikdə Elm və Təhsil Nazirliyinin gətirdiyi arqumentlərə görə, bu, rəqabətliklik yaratmaq məqsədi daşıyır. Bu baxımdan da hamı artıq hədəf kimi 51 balı seçməlidir ki, əməkhaqqı artırılsın.

Naxçıvanda 2 dövr keçirilən sertifikasiya imtahanlarında yenə də gündəm oldu ki, yüksək nəticə göstərənlərə təsdiq olunmuş maaşa əlavələr olunsun. Bu kimi məsələlər hazırda gündəmdədir. 

Yəqin ki, Elm və Təhsil Nazirliyi bu məsələ ilə bağlı bir qərara verəcək. Çünki təklif olunan variantların arasında belə bir şərtlər var ki, məsələn, 31-40 arası bal toplayanlar üçün bir qiymətləndirmə olsun. 

Həmçinin 40-50 bal arası üçün bir, 51 və yuxarı ballarla bağlı başqa bir qiymətləndirmə olsun. Yəni bu, elə bölünsün ki, narazılıq yaranmasın. 

Təəssüf ki, biz hələ bunu görmürük. Yəqin ki, sertifikasiyanın ikinci mərhələsində bu məsələyə bir aydınlıq gələcək".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki