ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla münaqişəni mümkün qədər tez başa çatdırmağa çalışıb. Buna səbəb qarşıdurmanın dünya iqtisadiyyatına, Trampın reytinqinə və Respublikaçılar Partiyasının aralıq seçkilər ərəfəsindəki mövqelərinə mənfi təsir göstərməsi olub.
Referans Media xəbər verir ki, bu barədə “CNN” telekanalı Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iyunun əvvəlində Tramp və onun müşavirləri Tehranla çərçivə sazişi əldə etmək qərarına gəliblər. Sazişdə Hörmüz boğazının açıq saxlanılması və İranın nüvə proqramı ətrafında nizamlanmanın ümumi prinsiplərinin müəyyənləşdirilməsi nəzərdə tutulub.
Telekanal bildirir ki, administrasiyanın bir sıra yüksək vəzifəli rəsmiləri də münaqişənin dayandırılmasının tərəfdarı olublar. ABŞ-ın maliyyə naziri Skott Bessent müharibənin iqtisadi nəticələrindən, energetika naziri Kris Rayt isə onun qlobal enerji bazarına təsirindən narahatlığını ifadə edib.
Bununla yanaşı, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff və Pentaqonun rəhbəri Pit Heqset İranın mümkün razılaşmanın şərtlərinə əməl edəcəyinə şübhə ilə yanaşan rəsmilər sırasında yer alıblar. Onlar Tehranın öhdəliklərini yerinə yetirməyə hazır olub-olmaması ilə bağlı skeptik mövqe nümayiş etdiriblər.
