ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə dostluq münasibətlərini dayandırdığını açıqlayıb.
Referans Media “Truth Social” sosial şəbəkəsinə istinadla xəbər verir ki, Amerika lideri öz mövqeyini sərt ifadələrlə əsaslandırıb.
“İndi ki, ABŞ İranı hərbi məğlubiyyətə uğradıb, o, yenidən mənimlə dost olmaq istəyir, çünki bu, onun seçicilərinin xoşuna gələcək. Xeyr, təşəkkür edirəm”, — deyə Tramp qeyd edib.
Amerika lideri İtaliyanın Baş nazirini İrana zərbələr endirilən zaman ondan hərbi dəstək almadığına görə tənqid edib. O, həmçinin yenidən bildirib ki, “Böyük yeddilik” (G7) sammitində Meloni onunla birgə şəkil çəkdirmək üçün həddindən artıq israrlı olub.
Daha əvvəl Tramp Meloninin Fransada keçirilən G7 sammiti zamanı ondan birgə şəkil çəkdirmək üçün “yalvardığını” iddia etmişdi. İtaliyanın Baş naziri bu bəyanatı “tamamilə uydurma” adlandıraraq əlavə etmişdi ki, Amerika prezidenti “Qərbin düşmənlərinə, köhnə və etibarlı müttəfiqlərindən daha çox hörmət göstərir”.
Bu bəyanatlardan sonra İtaliyanın Xarici İşlər naziri Antonio Tayani Donald Trampın dediklərinə görə ABŞ-a nəzərdə tutulan səfərini ləğv edib.
