İranın ABŞ ilə davam edən gərginlik fonunda yeni sülh təklifi hazırladığı iddia olunub. ABŞ mediasında yer alan məlumatlara görə, Tehran rəhbərliyi yenidən işlənmiş sülh planını cümə gününə qədər Vaşinqtona təqdim edə bilər.
Referans Media xəbər verir ki, əvvəlki təklif ABŞ tərəfindən rədd edilib. Ağ Ev həmin sənədin İranın nüvə proqramı və uran zənginləşdirmə fəaliyyəti kimi əsas mövzuları müzakirədən kənarda saxladığını bildirib.
ABŞ administrasiyası isə Hörmüz Boğazında tətbiq olunan dəniz təzyiqini Tehranı danışıqlara məcbur etmək üçün əsas vasitə kimi görür. Vaşinqtonun fikrincə, bu addım İranın neft gəlirlərini azaldaraq siyasi təzyiqi artırır.
Digər tərəfdən, ABŞ tərəfi Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsiz hərəkəti üçün beynəlxalq koalisiyanın yaradılmasını da gündəmə gətirib. Bu təşəbbüsün məqsədinin dəniz nəqliyyatında “azad hərəkəti” təmin etmək olduğu bildirilir.
İran prezidenti Məsud Pezeşkiyan isə açıqlamasında dəniz blokadasının beynəlxalq hüquqa zidd olduğunu və regionda sabitliyi pozacağını bildirib.
Mütəxəssislər hesab edir ki, yeni sülh təklifinin məzmunu ABŞ–İran münasibətlərində növbəti mərhələnin istiqamətini müəyyən edə bilər.























