Qlobal enerji bazarlarında gərginlik kəskin şəkildə artıb. Brent neft qiymətləri ABŞ və İran arasındakı geosiyasi risklərin yüksəlməsi fonunda sürətlə bahalaşıb.
Referans Media xəbər verir ki, ABŞ-ın İran üzərində uzunmüddətli dəniz blokadası tətbiq edə biləcəyi ilə bağlı xəbərlər bazarlarda panikaya səbəb olub. Nəticədə Brent neftinin bir bareli qısa müddətdə 7% artaraq 118 dollar səviyyəsinə yüksəlib.
Qiymət artımında əsas faktor kimi Hörmüz boğazı ətrafında yaranan gərginlik və tədarük riskləri göstərilir. Bölgədə hərbi fəallığın artması enerji axınının təhlükə altına düşməsi ilə bağlı narahatlıqları gücləndirib.
Donald Tramp tərəfindən İranın limanlarına qarşı uzunmüddətli blokada planına dair açıqlamalar da bazarları daha da hərəkətə gətirib. Məlumata görə, ABŞ administrasiyası İranın neft gəlirlərini hədəfə alaraq iqtisadi təzyiqi artırmaq niyyətindədir.
Ekspertlər bildirirlər ki, mövcud gərginlik davam edərsə, enerji bazarında volatillik daha da artacaq və qiymətlər yeni rekordlara yaxınlaşa bilər.






















