Fənərbaxçada hücum xəttinin gücləndirilməsi ilə bağlı axtarışlar davam edir. Aleksander Sörloth, Lookman və Nkunku transfer cəhdlərindən nəticə əldə edə bilməyən “sarı-lacivərdlilər” tanış ada üz tutub. Klubun sabiq hücumçusu, hazırda İspaniyanın “Mallorka” klubunda çıxış edən Vedat Muriqi yenidən gündəmə gəlib.
Referans Media xəbər verir ki, ara transfer pəncərəsində ən aktiv klublardan biri olan Fənərbaxçada rəhbərlik yeni mərkəz hücumçusu axtarışlarını sürətləndirib. İlkin mərhələdə bir sıra ulduz futbolçularla danışıqlar aparılsa da, bu cəhdlər müsbət nəticə verməyib. Bu səbəbdən klub rəhbərliyi diqqəti 2019–2020 mövsümündə Fənərbaxça forması geyinmiş Vedat Muriqiyə yönəldib.
Məlumata görə, Fənərbaxça rəhbərliyi 31 yaşlı kosovalı hücumçunun meneceri ilə artıq əlaqə saxlayıb. Vedat Muriqinin də Türkiyəyə qayıtmağa müsbət yanaşdığı bildirilir. Baş məşqçi Tedesconun da bu transferə razılıq verdiyi, yaxın günlərdə “Mallorka” ilə rəsmi danışıqlara başlanılacağı qeyd olunur.
Transferin qarşısındakı əsas maneə isə “Mallorka” klubunun mövqeyidir. İspaniya təmsilçisi mövsümün əvvəlində Muriqi ilə 4 illik müqavilə imzalayıb və bu mövsüm 18 oyunda 11 qol vuran futbolçunu buraxmaq istəmir. Klubun Muriqi üçün minimum 15 milyon avro tələb etdiyi, Fənərbaxçanın da bu məbləği ödəməyə hazır olduğu iddia olunur.
Heyətini qısa zamanda formalaşdırmaq və baş məşqçiyə tam hazır komanda təqdim etmək istəyən Fənərbaxça rəhbərliyinin Vedat Muriqi transferi ilə bağlı yaxın günlərdə konkret addımlar atacağı gözlənilir.
