Bahalı avtomobillər, dəbdəbəli məkanlar və borcla qurulan xoşbəxtlik görüntüsü - virtual həyat real həyatı üstələyir?
Sosial şəbəkələr müasir insanın həyatını nümayiş etdirdiyi virtual səhnəyə çevrilib. Bahalı avtomobillər, dəbdəbəli restoranlar, xarici ölkələrə səyahətlər, brend geyimlər və xoşbəxt ailə fotoları... İlk baxışdan elə təsəvvür yaranır ki, hamı yaxşı yaşayır, hamının maddi imkanı yüksəkdir və hamı xoşbəxtdir. Bəs reallıq necədir?
Bu görüntülərin arxasında bəzən kredit borcları, maddi sıxıntılar, ailə problemləri və psixoloji gərginlik dayanır. İnsanlar öz həyatlarını yaşamaqdan daha çox, başqalarına necə göründükləri barədə düşünməyə başlayıblar. Hətta bəziləri bir neçə saatlıq dəbdəbəli görüntü yaratmaq üçün aylarla borc ödəməyə razı olur.
Problemin başqa bir tərəfi isə sosial müqayisədir. Gənclər başqalarının nümayiş etdirdiyi həyat tərzini öz reallıqları ilə müqayisə edir, nəticədə narazılıq, özünəinamın azalması və psixoloji təzyiqlə üzləşirlər. Valideynlər isə övladlarının şüurunda süni zənginlik və uğur meyarlarının formalaşmasından narahat olmalıdırlar.
Əslində, sosial şəbəkədə nümayiş etdirilən həyat heç də həmişə real həyatın güzgüsü deyil. Bir fotoşəkil insanın xoşbəxtliyini, bahalı avtomobil isə maddi rifahını sübut etmir.

Azad İsazadə
Referans Media xəbər verir ki, mövzu ilə bağlı psixoloq Azad İsazadə “Yeni Müsavat”a danışıb. Psixoloqun sözlərinə görə, insanın özünü başqalarına daha uğurlu, baxımlı və imkanlı göstərmək istəyi yeni davranış deyil. Bu meyil sosial şəbəkələrdən əvvəl də mövcud olub, sadəcə, indi daha geniş auditoriyaya nümayiş etdirilməsi üçün imkan yaranıb.
“Biz gündəlik həyatda da özümüzü daha uğurlu, daha görkəmli göstərməyə çalışırıq. Evdə bir cür geyinir, çölə çıxanda isə daha səliqəli, qəşəng və yeni geyimlər seçirik. Yəni insanın özünü başqalarına daha yaxşı təqdim etmək istəyi gündəlik həyatımızda da var.
Sosial şəbəkələr yaranandan sonra bu imkan daha da genişləndi. Əvvəllər insan özünü əsasən işdə, məktəbdə, universitetdə və gündəlik ünsiyyətdə göstərə bilirdi. İndi isə daha geniş auditoriyaya çıxmaq, öz həyatını çoxsaylı insanlara nümayiş etdirmək imkanı əldə edib.
Məsələn, tələbələri götürək. Mən öz gəncliyimdən nümunə gətirim: oğlan tələbələr atalarından gizlin maşını götürüb institutun qarşısına gəlirdilər. Adi “Jiquli” idi, amma halbuki indi “Jiquli”yə minmək ayıb sayılır. O vaxt isə həmin maşınla gəlib bir-iki dövrə vururdular ki, hamı görsün: mənim də maşınım var.
Maşın almaq imkanımız olmadığına görə “Jiquli”ni, “QAZ-24"ü bəzəyirdik. Müxtəlif yapışqanlar vurur, salona aksesuarlar əlavə edirdik. Hətta "Jiquli"ni tuninq etmək bir növ biznesə çevrilmişdi. Oturacaqları, sükanı dəyişir, maşını daha qəşəng göstərməyə çalışırdılar. Amma “Jiquli” yenə “Jiquli” olaraq qalırdı, sadəcə, zahiri görünüşü daha cəlbedici olurdu.
Sosial şəbəkələrdə də əslində gündəlik həyatımızda etdiklərimizi daha geniş auditoriyaya göstərməyə çalışırıq. Ancaq bu, hamıya xas xüsusiyyət deyil. Elə insanlar var ki, auditoriya qarşısına çıxmağı, diqqət mərkəzində olmağı sevmirlər. Başqalarının diqqəti altında özlərini itirir, narahat olur, hətta özlərini daha pis hiss edirlər. Bunlar, belə deyək, introvert insanlardır.
Ekstravertlər özlərini göstərməyi, nümayiş etdirməyi, insanlarla ünsiyyət qurmağı sevirlər. İntrovertlər isə əksinə, daha qapalı həyat tərzi keçirirlər. Onlar sosial şəbəkələrdən sadəcə məlumat almaq və məlumat çatdırmaq vasitəsi kimi istifadə edə bilərlər.
Biz Şərq, cənub ölkəsi olduğumuza görə bu məsələlərə bir qədər fərqli yanaşırıq. Qırmızı rəngi, qızılı, parıltılı əşyaları xoşlayırıq. Amma bunun əksinə, qara və gözə çarpmayan əşyalara üstünlük verən insanlar da var. Məsələn, kimsə qızıl əşyadan daha çox gümüşə meyil göstərir, özünü nümayiş etdirməyi xoşlamır. Bu, təkcə bizdə deyil, bütün dünyada belədir.
Milyonçu var ki, çox ucuz və köhnə əşyalar alır, yaxud onları geyinir. Düşünür ki, onsuz da pulu var, istəsə, alar, istəməsə, almaz. Elə insanlar da var ki, o qədər çox pulu olmadığı halda, parıltılı, dəbdəbəli həyat tərzi keçirir, müasir avtomobil alır və sairə.
Bu xüsusiyyət müəyyən dərəcədə hamımıza xasdır. Sadəcə, sosial şəbəkələr yaranana qədər belə davranışlar o qədər də gözə çarpmırdı. İndi isə insanlar öz həyatlarını daha geniş auditoriyaya nümayiş etdirdikləri üçün bu meyil daha aydın görünür".
“Başqalarının nümayiş etdirdiyi dəbdəbəli həyatla öz reallığını müqayisə edən insanlar arasında sosial narazılıq və təbəqələşmə dərinləşə bilərmi?” sualını cavablandıran Azad İsazadə bildirib ki, bu məsələnin iki tərəfi var. Onun sözlərinə görə, belə müqayisələr bəzi insanlarda özünəinamın azalmasına və narazılıq hissinin yaranmasına səbəb olsa da, digər tərəfdən, motivasiya mənbəyinə də çevrilə bilər: “Bəzən bu, insanlarda özünəinamı azalda, narazılıq yarada bilər. Amma bunun əks təsiri də olur. Belə ki, insanlarda motivasiya yarana bilər. Məsələn, bəzən rayondan gələn gənc şəhərdə yaşayan gəncdən daha yaxşı inkişaf edə bilir. Çünki şəhərdə yaşayan bəzi gənclər üçün valideynləri hər cür şərait yaradır və nəticədə onlarda motivasiya az olur. Digər gənclərdə isə əksinə, başqalarının daha yaxşı həyat tərzini görmək motivasiya yaradır, onları daha yaxşı yaşamağa, daha çox çalışmağa sövq edir”.
