SpaceX-in hazırladığı Starship kosmik gəmisi 14-cü sınaq uçuşunu başa vurduqdan sonra okeana eniş (splashdown) zamanı partlayıb.
Referans MEDİA xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Məlumata görə, SpaceX partlayışın gəminin soyuq suya enmək üçün nəzərdə tutulmaması səbəbindən baş verdiyini bildirib. Şirkət vurğulayıb ki, bu hadisə texniki nasazlıq və ya missiyanın uğursuzluğu kimi qiymətləndirilməməlidir.
Şirkətin açıqlamasına əsasən, əvvəlcədən müəyyənləşdirilmiş əsas missiya tapşırıqlarının demək olar ki, hamısı yerinə yetirilib. Yalnız əvvəlcədən planlaşdırılan Yer ətrafında altı tam dövrə başa çatdırılmayıb.
Sınaq uçuşu zamanı Starship ilk dəfə tam orbital uçuş həyata keçirib və yeni nəsil 26 Starlink peykini uğurla orbitə buraxıb.
14-cü uçuş Starship proqramının ilk tam orbital missiyası kimi tarixə düşüb. Bu mərhələ SpaceX-in tam təkrar istifadə oluna bilən raket və kosmik nəqliyyat sisteminin sınaq proqramında mühüm addım hesab olunur.
