Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FSB) səlahiyyətlərinin genişlənməsi Kremlin siyasi və biznes elitasında ciddi narahatlıq yaradıb.
Referans MEDİA xəbər verir ki, Bloomberg-in məlumatına görə, Vladimir Putin getdikcə daha çox FSB-yə arxalanır və xüsusi xidmət orqanı məmurları, biznesmenləri və sıravi vətəndaşları faktiki olaraq ciddi xarici nəzarət olmadan təqib etmək üçün daha geniş imkanlar əldə edir.
Nəşr bildirir ki, Kremlin siyasi administrasiyası, Xarici İşlər Nazirliyi və hökumətin iqtisadi bloku tədricən “texniki personal” roluna keçir, güc strukturlarının siyasi sistemdəki təsiri isə əhəmiyyətli dərəcədə artır.
Xüsusilə FSB-nin İkinci Xidmətinin mövqelərinin gücləndiyi bildirilir. Bloomberg-in məlumatına görə, bu struktur müxtəlif şəxslər barəsində cinayət işlərinin başlanmasında mühüm rol oynayır, hakimiyyət üçün arzuolunmaz hesab edilən bloqerlər, siyasətçilər, alimlər və biznes nümayəndələrinin təqibində iştirak edir.
Məqalədə Telegram-ın təsisçisi Pavel Durovun cinayət təqibinə cəlb olunmasına çalışan strukturlardan birinin də məhz FSB-nin İkinci Xidməti olduğu qeyd edilir.
Bütün bunların fonunda Rusiya elitasında narahatlığın artdığı bildirilir. Əsas qorxu ondan ibarətdir ki, FSB faktiki olaraq istənilən şəxsi hədəfə ala bilirsə və fəaliyyətinə nəzarət son dərəcə məhduddursa, növbəti hədəfin kim olacağını əvvəlcədən müəyyənləşdirmək mümkün deyil.
Bloomberg-in təsvir etdiyi mənzərəyə görə, vaxtilə mövcud sistemin bir hissəsi hesab edilən şəxslər belə artıq öz təhlükəsizliklərinə tam əmin deyillər. Beləliklə, sovet dövründə KQB ilə assosiasiya olunan “gecə qapının döyülməsi” qorxusu indi Kremlin öz daxilində yenidən hiss edilməyə başlayır./Musavat.com/
