Dünyanı gözləyən yeni qarşıdurma: minlərlə dron döyüşə hazırlaşır – “Cəhənnəm” planı

“Tayvan Çinin mümkün hücumunun qarşısını almaq məqsədilə əsas vasitələrdən biri kimi pilotsuz uçuş aparatlarına (PUA) üstünlük verir”.

Referans MEDİA xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Nəşrin məlumatına görə, Tayvan mümkün Çin hücumunun qarşısını almaq üçün həm uçan dronlar, həm də pilotsuz zərbə katerləri istehsal edir:

“Bu vasitələrin adaya yaxınlaşan Çin qüvvələrinin aşkarlanması və onlara zərbələr endirilməsi üçün istifadə olunması planlaşdırılır. Sözügedən strategiyanı hazırlayan amerikalı hərbçilər onu “Cəhənnəm mənzərəsi” (“Hellscape”) adlandırırlar.

Burada Çinin işğal qüvvələrinin dalğa-dalğa dronlar, raketlər və artilleriya vasitəsilə məhv edilməsi və ya onların irəliləməsinin qarşısının alınması nəzərdə tutulur”.

Nəşr bildirib ki, Tayvan hazırda bu strategiyanın həyata keçirilməsini sürətləndirir.

“Dronlardan istifadə və onlara qarşı mübarizə istiqamətində səylərimiz nisbətən gec başladı və ilkin mərhələdə sınaq və təcrübə yolu ilə irəliləyirdik. Lakin son iki ildə vəziyyət dəyişməyə başlayıb”, – deyə Tayvan Müdafiə Nazirliyinin Strateji Planlaşdırma Baş İdarəsinin rəhbəri Xuan Ven-çi deyib.

Rəsmi məlumata görə, Tayvan 2030-cu ilə qədər ada ayda 100 min pilotsuz uçuş aparatı istehsal etməyi planlaşdırır. Onların təxminən yarısının isə ixrac olunacağı gözlənilir.

Qeyd edək ki, vqustun əvvəlində “The Wall Street Journal” ABŞ hərbçilərinin Tayvanın mümkün Çin-Tayvan qarşıdurmasına hazırlığını artırmaq və hərbi təcrübə mübadiləsi aparmaq məqsədilə ada ilə əməkdaşlığı gücləndirdiyini yazmışdı./Globalinfo.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki