Portuqaliyada yüzlərlə azarkeş futbol ulduzu Kriştianu Ronaldonun toyunu görmək ümidi ilə Madeyra adasının Funşal şəhərindəki kilsənin qarşısına toplaşıb, lakin futbolçunun toyu baş tutmayıb.
Azarkeşlərin gözlədiyi kilsəyə Ronaldo və Corcina Rodrigesin əvəzinə başqa bir cütlük gəlib.
Ronaldonun bacısı Elma Aveyru sosial şəbəkələrdə kilsənin qarşısında gözləyən insanların görüntüsünü paylaşaraq vəziyyəti "sürreal" adlandırıb. O, qəzetləri insanları yanlış məlumatlandırmaqda ittiham edib.
Son həftələrdə Ronaldo və Corcina Rodrigesin avqustun 8-də Madeyrada evlənəcəkləri barədə şayiələr yayılmışdı. Toyun keçiriləcəyi ehtimal olunan məkan kimi Funşaldakı kilsələrdən biri göstərilmişdi. Məlumatı əvvəlcə "The Sun" yayıb, daha sonra digər beynəlxalq KİV də bu xəbəri tirajlayıb.
Ronaldonun bacıları Katya və Elma Aveyru iyulun sonunda bu məlumatları açıq şəkildə təkzib edərək onların yalan olduğunu bildiriblər. Buna baxmayaraq, çoxsaylı azarkeşlər 30 dərəcə istidə kilsənin qarşısında gözləyiblər.
Ronaldonun Corcina ilə nə vaxt və harada evlənəcəyi hələ məlum deyil. Futbolçu əslində toy planlaşdırmasa da, sevgilisinə evlilik təklifi edib. Elmanın sözlərinə görə, Ronaldo bunu Corcinanı sevindirmək üçün edib. (Oxu.Az)

