Süni intellektdən istifadə təhsildə şagirdlərin mürəkkəb mövzuları addım-addım başa düşməsinə kömək edə bilər. Bu texnologiya şagirdə tapşırığın məntiqi və yanaşma yolunu göstərir, dil, riyaziyyat, proqramlaşdırma kimi sahələrdə təcrübə və məşq imkanı yaradır. Lakin, süni intellekt müəllimi və ya dərsliyi əvəz etmir, yalnız şəxsi repetitor kimi dəstək rolunu oynaya bilər.
Referans Media-ya açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, problem o zaman yaranır ki, şagird cavabı başa düşmədən birbaşa köçürür. Belə olduqda səhvləri analiz etmir, öyrənmə əvəzinə rahat yolu seçir və uzun müddətli bilik formalaşmır.
Ekspertin sözlərinə görə, riski azaltmaq üçün müəllimlər şagirdlərə süni intellekti harada və necə istifadə edəcəyini izah etməlidir. Süni intellektdən izah üçün istifadə etmək olar, hazır cavab üçün yox. Tapşırıqlar şəxsi fikir və əsaslandırma tələb etməlidir. Burada süni intellekt mənbə kimi deyil, alət kimi istifadə olunmalıdır.
O həmçinin bildirib ki, süni intellekt öyrənməni dərinləşdirən güclü vasitədir. Əsl risk texnologiyada deyil, onu istifadə edən vərdişlərdədir. Məsələn, sosial şəbəkədə insanlar texnologiyanı müxtəlif məqsədlər üçün istifadə edir. Eyni prinsip təhsildə də keçərlidir.
Rizvan Fikrətoğlu qeyd edib ki, süni intellekt həm inkişaf etdirə, həm də asılılıq yarada bilər. Fərq istifadə qaydasındadır: müqayisə və analiz üçün doğru sual vermək, fərqli yanaşmaları düşünmək və yaradıcı ideaları genişləndirmək mümkündür. Asılılıq yalnız süni intellekti son addım kimi deyil, ilk addım kimi istifadə etdikdə və ya şagird öz fikrini formalaşdırmadan müraciət etdikdə yaranır. Passiv istifadə asılılıq yaradır, aktiv sorğulayıcı istifadə isə analitik bacarıqları gücləndirir.
Ekspertin sözlərinə görə, qısacası süni intellekt öyrənmə prosesində protez yox, trenajor tərəfdir.
Gülnaz Abdullazadə.
