Şuşada Vaqif Poeziya Günləri keçirilirbackend

Şuşada Vaqif Poeziya Günləri keçirilir

  İyulun 22-də Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada növbəti dəfə Vaqif Poeziya Günləri təşkil olunub.

Referans xəbər verir ki, tədbirdə dövlət və hökumət qurumlarının nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri iştirak edirlər.

Xatırladaq ki, Vaqif Poeziya Günlərinin açılışı iyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunda olub. İyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edən Poeziya Günləri iyulun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq.

Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında – o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Qarabağ oteli və Mehmandarovlar malikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil ediləcək.

Qeyd edək ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb və Ümummilli Liderin tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır

düzündə başa çatırdı. Lakin 1990-cı illərdə Qarabağın işğalı ilə bu ənənəyə ara verildi. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbə bu ənənənin də yenidən doğuluşuna şərait yaratdı. 2021-ci ildən etibarən Şuşada Vaqif Poeziya Günləri bərpa olunaraq daha böyük ruhla keçirilməyə başlandı. Bu isə təkcə ədəbiyyat bayramı deyil, həm də milli qürur, azadlıq və torpaqlarımıza sahib çıxma əzminin təntənəsidir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki