Tarixi görüş başladı: Tramp və Si dünyaya mühüm mesaj verdi SON DƏQİQƏ!

ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpinq arasında Pekində keçirilən tarixi görüş dünya gündəminin əsas mövzularından birinə çevrilib.

Referans Media xəbər verir ki, 8 ildən çox fasilədən sonra Çinə rəsmi səfər edən Tramp Pekində Böyük Xalq Salonunda Si Cinpinq tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Görüşdən əvvəl çıxış edən Çin lideri dünyada ciddi geosiyasi dəyişikliklərin baş verdiyini bildirib:

“Hazırda dünya yeni dönüş nöqtəsindədir. Çin və ABŞ qarşıdurmadan yox, əməkdaşlıqdan qazanc əldə edə bilər. Biz rəqib deyil, tərəfdaş olmalıyıq”, – deyə Si Cinpinq vurğulayıb.

Çin lideri iki ölkənin münasibətlərinin yalnız ABŞ və Çin üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, qlobal sabitliyin qorunması üçün Vaşinqton və Pekin arasında sağlam münasibətlər vacibdir.

ABŞ Prezidenti Donald Tramp isə Çin liderinə diqqətçəkən təriflər ünvanlayıb:

“Siz böyük lidersiniz. Mən sadəcə həqiqətləri deyirəm. Çinlə birlikdə möhtəşəm gələcəyimiz olacaq”, – deyə Tramp bildirib.

Tramp Çin iqtisadiyyatına və ölkənin inkişafına böyük hörmətlə yanaşdığını vurğulayıb. O, həmçinin ABŞ şirkətlərinin Çinlə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Tarixi görüşün təxminən 2 saat davam etdiyi bildirilir. Görüşdə əsas müzakirə mövzuları arasında İran ətrafında artan gərginlik, Tayvan məsələsi, ticarət əlaqələri və qlobal iqtisadi vəziyyət yer alıb.

ABŞ prezidentinin Pekinə səfəri zamanı onu dünyanın ən nüfuzlu iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edib. Heyətdə Elon Musk, Jensen Huang, Tim Cook və digər iri şirkət rəhbərləri yer alıb.

Məlumata görə, nümayəndə heyətində iştirak edən milyarderlərin ümumi sərvəti təxminən 1 trilyon dollar qiymətləndirilir.

Trampın səfər çərçivəsində Pekində bir sıra tarixi məkanları ziyarət edəcəyi, həmçinin Çin lideri ilə əlavə görüşlər keçirəcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki