ABŞ-da qar fırtınası həyatın demək olar ki, dayanmasına səbəb olub. Ölkə üzrə 13 mindən çox uçuş ləğv edilib, 953 min nəfər isə elektrik enerjisiz qalıb.
Referans Media xəbər verir ki, Nyu-York şəhər meri Zohran Mamdani küçədə yaşayan 5 nəfərin həyatını itirdiyini açıqlayıb və bildirib: “Bu şəxslərin ölüm səbəblərini dəqiq bilmirik, lakin bu hadisə ekstremal soyuqların, xüsusilə evsiz insanlar üçün nə qədər təhlükəli ola biləcəyini göstərir.”
Qar fırtınasının təsiri ABŞ-ın bir çox ştatına yayılıb. Tennessi, Missisipi, Luiziana, Texas, Kentukki, Corciya, Qərbi Virciniya və Şimali Karolina daxil olmaqla bir sıra ştatlarda elektrik kəsintiləri baş verib. ABŞ mediasının məlumatına görə, ölkə üzrə ən az 13 min uçuş ləğv edilib.
ABŞ Milli Hava Xidməti 213 milyon nəfərə müxtəlif səviyyələrdə hava xəbərdarlıqları verib. Qar örtüyünün qalınlığı Indiana-da 33 sm, Missouri-də 30 sm, Ohio-da 28 sm, Arkansas-da 20 sm, Illinois və Kansas-da 20 sm, Oklahoma-da 18 sm, Texas-da 15 sm, Tennessei-də isə 13 sm təşkil edib. Bu şəraitdə yolların bir çoxunda ciddi çətinliklər yaranıb.
New York-da təhsil dayandırıldı
New York şəhərində bəzi bölgələrdə qarın qalınlığı 24 sm-ə çatıb. Mer Zohran Mamdani bildirib ki, bütün dövlət məktəblərində təhsil müvəqqəti olaraq məsafədən aparılacaq.
Federal və ştat səviyyəsində fövqəladə vəziyyət elan edilib
ABŞ prezidenti Donald Tramp fırtınaları “tarixi” adlandıraraq, bir neçə ştatda federal fövqəladə vəziyyət elan edib. Həmçinin ABŞ Daxili Təhlükəsizlik Nazirliyi paytaxt Vashington DC və 17 ştat üçün fövqəladə vəziyyət elan edib.
