Türkiyənin İstanbul şəhəri olmaqla 30 vilayətdə Daltonlar cinayətkar dəstəsinə qarşı eyni vaxtda əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində 85 şübhəli saxlanılıb. İstintaq zamanı dəstənin internet vasitəsilə cəlb etdiyi silahlı şəxsləri “WhatsApp” qruplarına daxil edərək müxtəlif cinayət əməllərinə yönəltdiyi müəyyən edilib.
Referans Media xəbər verir ki, əməliyyat İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları tərəfindən həyata keçirilib.
Araşdırmalar çərçivəsində xaricdə olduğu ehtimal edilən və barəsində beynəlxalq axtarış qərarı çıxarılan Beratcan Gökdemirin rəhbərlik etdiyi bildirilən Daltonlar cinayətkar dəstəsinin fəaliyyəti araşdırılıb.
İstintaq zamanı dəstənin internet platformaları vasitəsilə cəlb etdiyi silahlı şəxsləri “WhatsApp” qruplarına əlavə etdiyi və onları müxtəlif cinayətlərin törədilməsinə yönəltdiyi müəyyən edilib.
Hüquq-mühafizə orqanları həmin qruplarda cinayət əməllərinə hazırlaşdığı ehtimal edilən şəxslərin kimliyini müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırma aparıb.
Toplanmış texniki və kəşfiyyat məlumatları əsasında İstanbul, Şırnak, Kayseri, Ankara, Aydın, Bursa, Qaziantep, İzmir, Hatay, Kocaeli, Mersin, Əskişəhər, Kilis, Manisa, Mardin, Şanlıurfa, Adana, Antalya, Balıkəsir, Batman, Bingöl, Kahramanmaraş, Kırşehir, Muğla, Muş, Ordu, Samsun, Tekirdağ, Trabzon və Van vilayətlərində eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyatlar zamanı ümumilikdə 85 şübhəli saxlanılıb. Saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.
