Türkiyənin “Trabzonspor” klubunun yay transfer dönəmində heyətinə qatmaq istədiyi braziliyalı hücumçu Riçarlisonla bağlı İngiltərədən gözlənilməz xəbər gəlib. “Tottenhem” 29 yaşlı futbolçunu Premyer Liqa üçün açıqladığı heyətə daxil etməyib.
Referans Media xəbər verir ki, “Trabzonspor” hücum xəttini gücləndirmək məqsədilə Riçarlisonu transfer gündəminə almışdı. Bordo-mavililərin braziliyalı futbolçu üçün “Tottenhem”ə təklif göndərdiyi bildirilirdi.
Riçarlisonun da Türkiyə klubuna keçidə müsbət yanaşdığı qeyd olunsa da, tərəflər arasında razılıq əldə edilməyib. Nəticədə transfer baş tutmayıb.
Transfer pəncərəsinin bağlanmasından sonra isə Riçarlisonun gələcəyi ilə bağlı yeni vəziyyət yaranıb. “Tottenhem”in Premyer Liqa üçün açıqladığı heyətdə braziliyalı hücumçunun adına yer verilməyib. Bu qərardan sonra müqaviləsinin son ilinə daxil olan Riçarlisonun klubdakı gələcəyi yenidən sual altına düşüb.
2022-ci ildən “Tottenhem” formasını geyinən Riçarlison İngiltərə klubunda 134 oyuna çıxıb. Braziliyalı futbolçu bu görüşlərdə 32 qol vurub və 15 məhsuldar ötürmə edib.
Hazırda bazar dəyəri 25 milyon avro civarında qiymətləndirilən Riçarlisonun “Tottenhem”lə müqaviləsi gələn il başa çatır. “Trabzonspor”un transfer cəhdi baş tutmasa da, ingilis klubunun son qərarı braziliyalı ulduzun gələcək karyerasını yenidən gündəmə gətirib.
